Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) birbaşa xarici investisiyaların cəlb edilməsi və kiçik və orta sahibkarlığın (KOS) dəstəklənməsi məqsədilə əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə danışıqlar aparıb. SİA ICD-yə istinadən xəbər verir ki, görüşdə tərəflər KOS-ların rəqabət qabiliyyətinin artırılması, maliyyələşdirməyə çıxışlarının genişləndirilməsi və dövlət dəstəyi mexanizmlərinin inkişafına yönəlmiş tərəfdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetiriblər.
“Bu təşəbbüsün məqsədi transformasiya proqramları, sahibkarlığın inkişafı və beynəlxalq investisiya əməkdaşlığının aktivləşdirilməsi hesabına özəl sektorun inkişafını stimullaşdırmaqdır”, – korporasiyanın məlumatında vurğulanıb.
ICD nümayəndələrinin sözlərinə görə, korporasiya yüksək artım və yerli inkişaf potensialına malik olan layihələri dəstəkləyərək davamlı və dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatının formalaşmasına töhfə verir.
Danışıqlar ICD nümayəndə heyətinin Azərbaycana üçgünlük səfəri çərçivəsində aparılıb. Özəl sektorun nümayəndələri ilə qarşılıqlı əlaqələrin aktivləşdirilməsinə həsr olunmuş səfər çərçivəsində Azərbaycan Mərkəzi Bankı (AMB), İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AIC) nümayəndələri ilə görüşlər keçirilib.
AMB ilə müzakirələr zamanı özəl sektorun dəstəklənməsi üçün resursların səfərbər edilməsində İslam maliyyə alətlərinin, xüsusilə sukukun potensialı vurğulanıb. ICD həmçinin Sahibkarlığın İnkişafı Fondu və AIC-nin KOS-ların inkişafına yönəlmiş proqramlarına maliyyə və texniki yardım göstərməyə hazır olduğunu bildirib.
Korporasiya Azərbaycan iqtisadiyyatının əsas sektorlarına, o cümlədən mədən sənayesi, tikinti, sement istehsalı, pambıqçılıq və sənaye emalı sahələrinə strateji investisiya imkanlarını nəzərdən keçirir. Yod hasilatı, günəş enerjisi, dayanıqlı tikinti və kənd təsərrüfatı məhsullarının emalı sahələrində birgə layihələrin perspektivlərinə xüsusi diqqət yetirilir.