Elektrik maşınlarının ehtiyat hissələri ölkəmizdə yetərincə varmı?


“Azərbaycanda elektrik avtomobillərinin ehtiyat hissələri və təmir xidmətləri mövcuddur, lakin bu sahədə bəzi məhdudiyyətlər və inkişaf etməkdə olan imkanlar mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda elektrik avtomobilləri üçün ehtiyat hissələrinin əldə edilməsi mümkündür: “Bu hissələr arasında adapterlər, şarj kabelləri, batareyalar və digər vacib komponentlər yer alır. Məsələn, “BYD”, “Lixiang” və “Leapmotor” kimi markaların ehtiyat hissələri ölkəyə idxal edilir və müştərilərə təqdim olunur. Bu hissələr rəsmi distribyutorlar və ya onlayn platformalar vasitəsilə əldə edilə bilər.

Azərbaycanda elektrik avtomobillərinin təmiri ilə məşğul olan bəzi servis mərkəzləri mövcuddur. Lakin, bu sahədə ixtisaslaşmış mütəxəssislərin sayı hələ də məhduddur. Məsələn, bəzi servis mərkəzləri öz ustalarını xarici ölkələrə təlimə göndərərək hazırlayır. Bu təlimlərdə iştirakın təqribən 20-30 min manata başa gəldiyi bildirilir. Bu səbəbdən, elektrik avtomobili alarkən, təmir və xidmət imkanlarını da nəzərə almağınız məsləhətdir. Azərbaycan elektrik avtomobillərinin təmiri və ehtiyat hissələrinin təminatı sahəsində inkişaf etməkdədir. Dövlətin dəstəyi ilə yerli istehsalın artırılması və mütəxəssislərin hazırlanması istiqamətində addımlar atılır. Bu inkişaflar, elektrik avtomobillərinin təmiri və xidmətinin keyfiyyətinin artırılmasına kömək edəcəkdir”.

Əlaqəli Xəbərlər