Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının (TŞ) katibi, general-polkovnik Ramil Usubov mayın 13-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. TŞ-dan SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edib.
R.Usubov ümidvar olduğunu bildirib ki, yeni məsul vəzifəsində Baş katibin ölkəmizə ilk səfərinin, bugünkü tədbirin, xüsusilə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə keçirilən görüşün iki qardaş dövlət ərazisində əmin-amanlığın və təhlükəsizliyin gücləndirilməsi işinə öz töhfəsini verəcəkdir.
Cənab Okay Memiş müvafiq qurumlarımız arasında əlaqələrin möhkəmlənməsi və daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini, belə görüşlərin təhlükəsizlik sahəsində birgə fəaliyyətin təkmilləşməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinin üzvləri Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət ediblər.