“Gələcəyin bir rəmzi olacaqsa, bu, insan üzünü əzən bir çəkmənin sonsuz təzyiqidir.”
— George Orwell, 1984
Biz XXI əsrdə yaşayırıq. Süni intellektlər bizə “salam” deyir, ekranlar bizim nə istədiyimizi bizdən əvvəl bilir, gündəlik həyatımız milyonlarla kameranın gözü qarşısındadır. Amma bəlkə də Orwell bizi daha əvvəldən xəbərdar etmişdi. Sadəcə biz roman kimi oxuduq, xəbərdarlıq kimi yox. 1984, bir distopik gələcəyin hekayəsi, “hələ gəlməmiş indiki zaman” idi. Kitabda yazılan “Böyük Qardaş səni izləyir” şüarı indi telefonlarımızın mikrofonunda, smart televizorların kamerasında, sosial media algoritmlərində yaşamaqdadır. Hər baxış, hər klik, hər paylaşım bir izləmədir.
İnsanlar nə üçün bu qədər könüllü izlənməyə razı olur? Sosial psixologiyada bu fenomenə “panoptikon effekti” deyilir. Daim izlənildiyini hiss edən insan, özünü sanki həbsxanadaymış kimi tənzimləyir. Orwell isə bunu belə izah edir:
“Ən qorxulusu nə idi, bilirsənmi? Sənin dediklərinin dinlənməsi yox, nə düşündüyünün öyrənilməsiydi.”
1984-də “düşüncə cinayəti” var idi. Yəni fikirlə, duyğuyla mübarizə. Bugün də bu anlayış fərqli formada qarşımıza çıxır. Sosial mediada hər sözümüz izlənir, arxivlənir və ya linç edilir. İnsanlar artıq öz fikrini deməyə çəkinir. Bu, “öz-özünə senzura” formasıdır və bu, totalitar nəzarətdən daha güclü bir nəzarətdir. Orwell yazırdı:
“Azadlıq deməkdir ki, iki dəfə iki dörddür deməyə haqqın var, baxmayaraq ki, partiya beş deyir.”
Amma bugün çox adam başqalarının nə deyəcəyini düşünərək, “dörd” deməkdən imtina edir. Cəmiyyətin gözündə “beş” olmağa çalışır. Kitabda paradoksal adlar var: Sevgi Nazirliyi əslində işgəncə yeridir. Bugünkü dünyada da media və siyasət bəzən qorxunu “məlumat” adı ilə təqdim edir. İnsanlara gerçəklik deyil, emosional manipulyasiya ötürülür. Bu, “emosional kondisionerlik”dir- yəni qorxaraq tabe olmağa öyrədilmək. “İnsan azad doğular, amma hər yerdə zəncirlənmişdir” deyirdi Jean-Jacques Rousseau. Orwell bu zəncirləri gözlə yox, dillə, düşüncəylə göstərdi.
Əgər Orwell bugün yaşasaydı, bəlkə də romanın qəhrəmanı Winston, artıq telefonunu söndürə bilməyən, “sürəkli onlayn” yaşayan bir gənc olardı. Məlumat diktaturası çağındayıq, bizə nə izləyəcəyimizi, nə düşünəcəyimizi, hətta nə hiss edəcəyimizi alqoritmlər deyir.
“Reallıq nədir? Kimin əlində güc varsa, o deyər.” — 1984
Bugün reallığı kim formalaşdırır? Trendlər? Xəbər başlıqları? Viral videolar? Orwell’in “keçmişi dəyiş, gələcəyi idarə et” prinsipi bugün “feed”-lərdə reallaşır. Keçmiş postlar silinir, yeni narrativlər yaradılır və yaddaş formalaşdırılır. 1984 gəlməyib, çünki o heç getməyib. Orwell bizi qorxutmaq üçün yox, ayıltmaq üçün yazmışdı. Amma biz ekranlara çox tez alışdıq, şübhəyə yer qoymadıq. Bugün 1984 yazılsaydı, bəlkə də yalnız bir cümləylə bitərdi:
“Səni izləyən bir kamera deyil, səni izləməyə razı olduğun dünyadır.”
Nigar Şahverdiyeva