“Bu günlər dost və qardaş gürcü və Azərbaycan xalqları tarixin ən gözəl günlərindən birini – Müstəqillik Gününün 107-ci ildönümünü qeyd edirlər. 1918-ci il mayın 26-da Gürcüstan, cəmi 2 gün sonra, mayın 28-də isə Azərbaycan müstəqil respublika olduğunu dünyaya elan edib. Bizim dövlətlərimiz o zaman çox qısa müddətdə mövcud olsalar da, tarixdə dərin iz buraxıblar”.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Acarıstan hökumətinin təhsil naziri Maia Xaçişvili deyib.
Onun sözlərinə görə, 1990-cı illərin əvvəlində Azərbaycan və Gürcüstan yenidən müstəqilliyinə qovuşduqdan sonra qısa bir zamanda çox böyük işlər görülüb. İndi hər iki dövlət dünyada öz layiqli yerlərini tutub.
Nazir deyib: “Bu gün Azərbaycan öz inkişafına, qazandığı böyük nailiyyətlərə görə liderdir. Azərbaycanın zəngin təbii ehtiyatları, onun təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr mühüm əhəmiyyət kəsb edir. Gürcüstan da bu gün Azərbaycanın yanındadır və ölkələrimiz birlikdə çox böyük işlər görürlər. Bu da bizim dostluğumuzu daha da möhkəmləndirir. İnanıram ki, bizim dostluğumuz daha da möhkəmlənəcək. Əminəm ki, gələcək nəsillər bu yolda daha böyük uğurlar qazanacaqlar.
Mən qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm, sülh və əmin-amanlıq, uğurlu inkişaf arzulayıram”.