CAR-da Azərbaycanın Müstəqillik Günü qeyd olunub


Azərbaycanın Müstəqillik Günü münasibətilə ölkəmizin Cənubi Afrika Respublikasındakı (c) səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, səfirlikdən bildirilib ki, paytaxt Pretoriyanın “Pretoriya Country Club” salonunda 150-yə yaxın qonağın iştirakı ilə keçirilən qəbulda hakim “Afrika Milli Konqresi” partiyasının ən nüfuzlu siyasətçilərindən olan Parlamentin Xarici Əlaqələr və Əməkdaşlıq Komitəsinin sədri Supra Mahumapelo, CAR Xarici İşlər Nazirliyinin Mərkəzi və Şərqi Avropa, Nordik və Baltik ölkələri idarəsinin rəisi Pumzile Mazibuko, nazirliyin əməkdaşları, CAR-da akkreditə olunan diplomatik korpusun duayeni və regional duayenlər, ölkədəki xarici dövlətlərin nümayəndəliklərinin rəhbərləri və diplomatları, media və ictimai dairələrin əməkdaşları, iri şirkətlərin yüksəkvəzifəli şəxsləri iştirak ediblər.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının və Cənubi Afrika Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Açılış mərasimində çıxış edən diplomatik missiyamızın rəhbəri Hüseyn Rəhimli 1918-ci il mayın 28-də yaradılan və bu il 107-ci ildönümü qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik parlament respublikası olduğunu, müstəqilliyinin 23 ay davam etməsinə rəğmən mövcudluğunun ilk günlərindən öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirərək, demokratik dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirdiyini, Şərqdə ilk dəfə, hətta ABŞ və bəzi Avropa ölkələrindən əvvəl qadınlara seçki hüququ verdiyini qeyd edib. Bildirib ki, qısa müddət ərzində hökumət yaradılıb, bayraq, himn kimi dövlət atributları təsis edilib, dövlət quruculuğu sahəsində mühüm qərarlar qəbul olunub və respublikanın beynəlxalq münasibətlər sisteminin subyekti qismində tanınması istiqamətində addımlar atılıb.

Müvəqqəti işlər vəkili H.Rəhimli bugünkü müstəqil Azərbaycan dövlətinin AXC-nin hüquqi varisi olaraq Cümhuriyyətin bütün demokratik ənənələrinə sadiq qaldığını və bu ənənələri yaşadaraq daha da inkişaf etdirdiyini qonaqların diqqətinə çatdırıb.

O, 1990-cı illərin əvvəllərində sovet hakimiyyətinin süqutundan və müstəqilliyimizin bərpa olunmasından sonra müşahidə edilən çətin dönəmdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin davamlı inkişaf yoluna qədəm qoyduğunu və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artdığını qeyd edib. Bildirib ki, dahi rəhbərin uzaqgörən siyasəti nəticəsində güclü dövlət institutları yaradılıb, ölkəmiz Avropa Şurasının üzvü olub, habelə elə bu gün Avropanın enerji təhlükəsizliyinə töhfə verən Bakı-Tbilisi-Ceyhan kimi mühüm enerji layihəsi həyata keçirilib. Çıxışda 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Konstitusiyasının qəbul edilməsindən, bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmasından da söz açılıb.

Diqqətə çatdırılıb ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz istər regional, istərsə də qlobal miqyasda müstəqil siyasət yürüdən, etibarlı və güclü bir dövlətə çevrilib. Otuz il ərzində erməni işğalı altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilib, üçrəngli Bayrağımız bütün şəhərlərimizdə qürurla dalğalanır.

H.Rəhimli CAR ilə ikitərəfli münasibətlərin mövcud durumu və inkişaf perspektivləri, əlaqələrin daha da genişləndirilməsi, o cümlədən iki ölkə arasında mövcud səmərəli əməkdaşlıq imkanları barədə də danışıb.

CAR Parlamentinin Xarici Əlaqələr və Əməkdaşlıq Komitəsinin sədri Supra Mahumapelo və XİN-in Mərkəzi və Şərqi Avropa, Nordik və Baltik ölkələri idarəsinin rəisi Pumzile Mazibuko Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edib və ən xoş arzularını bildiriblər. Onlar ikitərəfli münasibətlərin inkişaf imkanları, qarşılıqlı maraq doğura biləcək əməkdaşlıq istiqamətləri barədə fikirlərini bildirərək, Azərbaycanın əldə etdiyi uğurların sevindirici hal olduğunu, müstəqilliyinin 107-ci ildönümünü qeyd edən Azərbaycanın təcrübəsindən yararlanmağın faydalı ola biləcəyini, yaşıl enerji sahəsində mühüm addımlar atan ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb, ölkəmizdə uğurla keçirilən COP29 tədbirinin və orada qəbul edilən qərarların əhəmiyyətini yüksək qiymətləndiriblər.

Qəbul bədii hissə ilə davam edib.

Əlaqəli Xəbərlər