Səhiyyə xərclərinə 2024-cü ildə dövlət büdcəsindən 1866,4 milyon manat vəsait ayrılıb, sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 1828,8 milyon manatı və ya 98 faizi istifadə olunub. SİA xəbər verir ki, bununla bağlı məsələ “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənəd parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihədə qeyd edilib ki, istifadə olunan vəsait proqnoza nisbətən 37,6 milyon manat və ya 2 faiz az, 2023-cü illə müqayisədə isə 106,7 milyon manat və ya 6,2 faiz çoxdur.
Hesabat ilində səhiyyə xərcləri Ümumi Daxili Məhsulun 1,4 faizini, dövlət büdcəsi xərclərinin isə 4,8 faizini (2023-cü illə müqayisədə 0,1 faiz-bənd çox) təşkil edib.
İstifadə edilmiş səhiyyə xərclərinin 74,8 faizi və ya 1368 milyon manatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin payına düşür ki, bu da 2023-cü illə müqayisədə 104,2 milyon manat və ya 8,2 faiz çoxdur. Həmin vəsaitin 1228,4 milyon manatı əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanmasına, 139,6 milyon manatı səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərinin icrası ilə bağlı xərclərə yönəldilib.
Son 5 ildə, yəni 2020-ci illə müqayisədə 2024-cü ildə səhiyyə xərcləri 141,2 milyon manat və ya 8,4 faiz artıb.