”Açıq deməliyik ki, Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərini əsrlər boyu formalaşdırıb və bu dəyərlərin içində toy mərasimləri xüsusi yer tutur. Toy təkcə iki gəncin ailə qurması deyil, həm də tarixi, mənəvi və ictimai bir hadisə kimi qəbul olunur. Azərbaycanın toy adətləri yüzlərlə mərasimi əhatə edir – nişan, elçilik, xına, gəlin köçürmə, uşaq dünyaya gələndən sonra edilən çilə çıxarma mərasimi və sair. Bütün bu mərasimlər xalqımızın zəngin mədəniyyətinin bir hissəsidir”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.
Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Təəssüf ki, son dövrlərdə toy anlayışı dəyişib. Toylar daha çox şou xarakteri daşıyır: altı saatlıq bir konsert, yemək-içmək, rəqs, təbrik çıxışları. Halbuki toy, keçmişdə iki nəslin, bəzən iki tayfanın, hətta ölkələrin birliyini ifadə edən ciddi bir mərasim idi. Tarixdə şahların siyasi məqsədlə evliliklər etməsi buna nümunədir. Toylar bəzən qırx gün, qırx gecə çəkərdi.
Son vaxtlar isə toy anlayışını məhdudlaşdırmışıq. Dini toy, qadın toyu, kişi toyu, derviş toyu – bu kimi parçalanmalar toyun öz mahiyyətinə ziddir. Təbii ki, hər kəsin inancına, seçiminə hörmətlə yanaşmaq lazımdır. Amma bu da danılmaz həqiqətdir ki, toy bir mərasimdən çox daha artığıdır. Bəzi insanlar toyu bir yaz mərasiminə çevirməyə çalışırlar – musiqisiz, kefsiz, sadəcə formal şəkildə. Halbuki İslamda da evlilik bir sevinc, bir təntənə halında keçirilməlidir. Hətta İslam dünyasının müxtəlif bölgələrində – ərəb ölkələrində, Orta Asiyada – toylar çox zəngin və coşqulu keçirilir.
Toy, Azərbaycan cəmiyyətində bir zamanlar incəsənət hadisəsi idi. Orada zərgərlər, dərzilər, aşpazlar, rəqqaslar, musiqiçilər öz sənətini nümayiş etdirirdi. Toy xalq sənətinin bir vitrini idi. İndi isə televiziyada yayımlanan bəzi “toylar”da bu gözəlliklər yoxdur, sadəcə formal, süni görüntülərdən ibarətdir.
Bütün bunların fonunda düşünmək lazımdır: biz hansı toy modelini yaşatmaq istəyirik? Əgər dini toy etmək istəyirsinizsə, dini məkanlarda, sakit və uyğun yerlərdə təşkil edin. Amma xalqın qəbul etdiyi, illərlə yaşatdığı, nəsildən-nəslə ötürdüyü bir mədəni dəyərlə – yəni toya aid ümumi formatla da ziddiyyət yaratmaq olmaz.
Hər kəsin öz seçimi var. Amma toy bir xalq hadisəsidir. Toy, bir insanın həyatı boyu xatırlayacağı ən mühüm günlərdən biridir. Onu yaz mərasiminə çevirmək, yalnız özümüzü yox, gələcək nəsli də bu mədəniyyətin zənginliyindən məhrum etmək deməkdir”.
Ayşən Vəli