“Qurban bayramında, bayram günü və bayramdan sonra iki-üç gün ərzində qurban kəsmək olar. Cəfəri məzhəbində Həcc ziyarətində olan insanlar üçün qurban kəsmək vacibdir. Amma ölkəmizdə olan insanlar üçün əgər imkanı varsa, qurban kəsmək müstəhəbdir (yəni tövsiyə olunur). Əgər imkanı yoxdursa, qurban kəsməyə bilər”. Bu sözləri SİA-ya açıqlamasında “Heydər” məscidinin imamı, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib.
Onun sözlərinə görə, digər tərəfdən, qurbanın kəsilmə vaxtı adətən günəş çıxandan sonra olsa, daha məqsədəuyğun hesab olunur. Yəni əvvəlcə bayram namazı qılınmalı, daha sonra qurban kəsilməlidir: “Amma qeyd etdiyim kimi, bu vacib hökm olmadığından, günəş çıxdıqdan və ya sübh namazından sonrakı müddətdə də qurban kəsməyin heç bir qəbahəti yoxdur.
Qurban nədən kəsilə bilər?
Böyükbaş heyvanlar – camış, inək, eləcə də xırdabaş heyvanlardan qoyun və keçi qurbanlıq üçün uyğundur. Eyni zamanda, dəvədən də qurban kəsmək olar. Lakin ölkəmizdə demək olar ki, dəvə kəsən yoxdur.
Heyvanları qurban kəsərkən onların yaşına da diqqət yetirmək lazımdır. Məsələn, əgər dəvədən qurban kəsilirsə, həmin dəvənin ən azı beş yaşı tamam olmalıdır. Dana, inək və camışın yaşı isə ən azı iki olmalıdır. Quzu, qoyun və keçi isə ən azı 8–9 aylıq olmalı və ya bir yaşı tamam olmalıdır ki, qurban kimi kəsilə bilsin.
Nəzir qurbanından fərqli olaraq, İsmayıl qurbanı kəsən insan qurban ətini üç hissəyə bölə bilər: bir hissəsini yaxın qohum və qonşulara, bir hissəsini ehtiyac sahiblərinə verə, bir hissəsini isə özü götürə bilər. Amma istəsə, özünə ayırdığı payı da yenidən ehtiyac sahiblərinə paylamasında heç bir qəbahət yoxdur. Kiçik buynuzlu heyvanları bir nəfər kəsməlidir. Amma iri buynuzlu heyvanları – dana, camış və ya dəvəni – yeddi nəfər birlikdə, yaxud iki-üç nəfər birləşib kəsə və Allah yolunda ehsan edə bilərlər”.