Amsterdam şəhərində keçirilən və dünyanın aparıcı fintex tədbirlərindən biri sayılan “Money 20/20 Europe” forumunda Qafqaz regionunun ilk tam inteqrasiyalı ekosistemi olan “Bir ekosistemi”nin fintex şirkəti “PashaPay” ölkəmizi təmsil edir. 3–5 iyun 2025-ci il tarixlərini əhatə edən tədbirdə “PashaPay” öz stendi ilə çıxış edərək Azərbaycanın innovativ rəqəmsal maliyyə həllərini beynəlxalq arenaya təqdim edir.
“Money 20/20 Europe” maliyyə və texnologiya sahəsində ən nüfuzlu qlobal tədbirlərdən biridir. Burada dünyanın ən qabaqcıl fintex liderləri, innovativ startapları və iri maliyyə institutları yeni tərəfdaşlıqlar qurur, gələcək trendləri formalaşdırır və birgə innovativ layihələrə imza atırlar.
Tədbir çərçivəsində “Bir ekosistemi”nin beynəlxalq tərəfdaşlıq gündəliyinə uyğun olaraq mühüm bir əməkdaşlığa da imza atılıb. Belə ki, “PashaPay” rəqəmsal ödəniş texnologiyaları sahəsində qlobal lider olan “Mastercard” ilə birlikdə ölkədə innovativ rəqəmsal maliyyə həllərinə çıxışı genişləndirmək məqsədilə Anlaşma Memorandumu imzalayıb. Əməkdaşlıq çərçivəsində tərəflər kibertəhlükəsizlik, rəqəmsal identifikasiya və fırıldaqçılıqdan qorunma texnologiyaları sahəsində birgə fəaliyyət göstərəcəklər. Bununla yanaşı, “Mastercard”ın “MoneySend”, “Cross-Border Send” və “Alias Directory” xidmətləri vasitəsilə beynəlxalq pul köçürmələrinə daha geniş çıxışın təmin edilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, “Bir ekosistemi”nin əsas şirkətlərindən biri olan “Kapital Bank” da öz nümayəndə heyəti ilə tədbirdə iştirak edir. Belə ki, bankın liderləri tədbir zamanı aparıcı beynəlxalq banklarla təcrübə mübadiləsi aparır, qabaqcıl rəqəmsal bankçılıq və fintex trendləri ilə tanış olur, həmçinin müxtəlif vörkşoplarda iştirak edərək sektorun ən son yeniliklərini öyrənirlər.
Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan “Bir ekosistemi” “Birbank”, m10, “MilliÖn”, “Umico.az”, “BakıKart” və “Trendyol Azərbaycan” kimi ölkənin aparıcı brendlərini vahid çətir altında birləşdirir. “PAŞA Holdinq” tərəfindən yaradılan ekosistem 2025-ci il 7 fevralda ictimaiyyətə təqdim olunub və müştərilərin gündəlik maliyyə, alış-veriş və nəqliyyat ehtiyaclarını innovativ yanaşma ilə qarşılayaraq onlara inteqrasiya olunmuş istifadə təcrübəsi təqdim edir.