“Qurtuluşdan başlayan mərhələ hələ də davam edir”


“Qurtuluşdan başlayan mərhələ hələ də davam edir. 1993-cü ilin 15 iyun tarixindən etibarən Azərbaycanın müstəqillik tarixində yeni bir səhifə açıldı. Bu gün ölkəmizdə dərin hörmət və minnətdarlıqla xatırlanan həmin tarix, yalnız siyasi yox, həm də ictimai, iqtisadi və hərbi baxımdan müstəqil Azərbaycanın möhkəm təməllər üzərində qurulmasına yol açdı. Bu dövr əvvəlki mərhələdən həm kəmiyyət, həm də keyfiyyət baxımından prinsipial şəkildə fərqlənir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi-şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, əgər 1993-cü ilə qədər olan dövrü mərkəzləşmiş dövlətsizliyin, sistemsizlik və modelsizliyin, hərbi struktursuzluğun, xaosun və siyasi qeyri-sabitliyin hökm sürdüyü bir mərhələ kimi xarakterizə etsək, bu, reallığa uyğun təsvir olar: “Lakin 1993-cü ilin Qurtuluş günündən sonra ölkədə vəziyyət tədricən dəyişməyə başladı. Yavaş-yavaş, lakin qətiyyətlə əks bir mənzərə – sabitlik, dövlətçilik və inkişaf tendensiyaları ortaya çıxmağa başladı. Yeni mərhələ, hər nə qədər çətin və mürəkkəb şəraitdə başlasa da, çox uzun sürməyən bir müddət ərzində öz bəhrəsini verməyə başladı. Ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, mərkəzi dövlət hakimiyyətinin təsir dairəsi genişləndi və möhkəmləndi. Bu da cəmiyyət tərəfindən ən böyük və təsirli siyasi fenomen kimi qəbul edildi. Azərbaycan vətəndaşı anlayışla qəbul etdi ki, artıq onun arxasında güclü və müstəqil bir dövlət dayanır. Bu dövlət müstəqilliyin qoruyucusu, ərazi bütövlüyünün təminatçısı, sabitliyin və inkişafın əsas dayağıdır.

1994-cü ildə imzalanmış neft kontraktları, beynəlxalq tərəfdaşlıqların qurulması, iqtisadiyyatın dünya bazarlarına inteqrasiyası və regionda Azərbaycanın nüfuzunun artması bu mərhələnin mühüm nailiyyətləri sırasındadır. Bütün bu proseslərin əsası isə məhz 1993-cü ilin Qurtuluş günündə qoyuldu.

Bu gün artıq tam əminliklə demək olar ki, həmin gündən başlayan mərhələ Azərbaycanın tarixində dönüş nöqtəsi olmuşdur. Onun ən böyük nailiyyəti və nəticəsi isə şübhəsiz ki, ölkəmizin ərazi bütövlüyünün və tam suverenliyinin bərpa olunmasıdır. Əgər 1993-cü ilin Qurtuluş hadisələri baş verməsəydi, bu gün biz Azərbaycanın bu qədər güclü, qürurlu və qalib bir dövlət kimi mövcudluğundan danışa bilməzdik”.

Əlaqəli Xəbərlər