“Zorakılıq psixoloji müstəvidə köklənmiş bir problemdir”


“Zorakı münasibətdən uzaqlaşmaq sadəcə fiziki bir məsafə deyil bu, həm də psixoloji və emosional bir mübarizədir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib.

O bildirib ki, zorakılığa məruz qalan şəxslərin bu münasibətdən çıxmaqda çətinlik çəkməsinin bir neçə əsas psixoloji səbəbi var: “Bunlardan birincisi travmatik bağlanmadır. Zorakı münasibətlərdə tez-tez “şiddət – peşimançılıq – bağışlanma – yenidən zorakılıq” dövrü yaşanır. Bu dövrlər nəticəsində zərərçəkən şəxslə zamanla təcavüzkar arasında emosional asılılıq formalaşır. Zorakılığı törədən şəxs bəzən mehriban, şəfqətli davranaraq, qurbanın ümidlərini diri saxlayır və onu özündən asılı saxlayır. Nəticədə, Stockholm sindromuna bənzər bir psixoloji hal yaradır.

Digər bir səbəb Qurban kompleksidir. “Qurban kompleksi” — şəxsiyyətin uzunmüddətli zorakılıq və travmalar fonunda inkişaf edən bir vəziyyətidir. Bu halda insan, özünü daim əzab çəkən, aciz və çarəsiz biri kimi görür. Öz dəyərini aşağı qiymətləndirir, azad ola biləcəyinə inanmır və zamanla “bu mənim taleyimdir” düşüncəsi ilə barışır. Qurban kompleksi həm özünə qarşı mərhəmətsizlik, həm də zorakılığı “haqlı çıxarma” meyilləri ilə müşayiət olunur. Digər bir səbəb iqtisadi və sosial asılılıqdır. Zorakılığa məruz qalanların çoxu təcavüzkarla eyni evdə yaşayır, maddi cəhətdən ondan asılıdır və ya uşaqları olduğu üçün ayrılmaqdan çəkinir. Sosial çevrənin dəstəksizliyi, cəmiyyətin “ailəni qorumaq vacibdir” təzyiqi bu insanları zorakı münasibətdə qalmağa məcbur edir.

Digər bir səbəb isə özünədəyər problemidir. Belə ki, uzunmüddətli zorakılıq insanın mənlik dəyərini sarsıdır. Şəxs zamanla düşünür ki, “mən daha yaxşı münasibətə layiq deyiləm”, “heç kim məni istəməz” və ya “bəlkə də mən günahkaram”. Bu düşüncə tərzi onu passiv hala salır və hərəkətə keçməsinə mane olur. Birada qorxu və təhlükə hissi də mühüm rol oynayır. Zorakı tərəf ayrılıq cəhdlərini təhdidlərlə qarşılayırsa, bu, qurbanın geri çəkilməsinə səbəb olur. Qadınların və uşaqların zorakılıqla bağlı həyatlarında itirdikləri hallar, bu qorxunun nə qədər əsaslı olduğunu göstərir. Ona görə də zorakılıq yalnız fiziki deyil, eyni zamanda psixoloji müstəvidə köklənmiş bir problemdir. Qurban kompleksi və travmatik bağlanma bu münasibətin davamını təmin edən əsas psixoloji mexanizmlərdir. Cəmiyyət olaraq, hər birimiz bu insanlara qarşı həssas davranmalı və dəstək olmalıyıq”.

Əlaqəli Xəbərlər