“Bağışlamaq zəiflərin yox, öz daxili sülhünü qoruyan güclülərin seçimidir”


“Hər bir insan həyatında ən azı bir dəfə xəyanətə, ədalətsizliyə, haqsızlığa məruz qalıb”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Tamila Axmedova deyib.

O bildirib ki, bu anlarda qarşımıza çıxan iki əsas yol var: bağışlamaq və ya intiqam almaq: “Hər iki yol fərqli psixoloji vəziyyətlərdən, daxili ehtiyaclardan və emosional təcrübələrdən qaynaqlanır. Lakin bu iki yanaşmanın insan psixikasında buraxdığı izlər tamamilə fərqlidir.

Bağışlamağın daxili təsiri

Bağışlamaq çox zaman yanlış başa düşülür. İnsanlar düşünür ki, bağışlamaq demək, baş verənləri unutmaq və ya qəbul etməkdir. Əslində isə bağışlamaq – keçmişin yükünü daşımaqdan imtina etmək, öz daxili azadlığını seçməkdir. Psixoloji baxımdan bağışlayan insanlarda aşağıdakı dəyişikliklər müşahidə olunur:

Emosional yük azalır, stress və narahatlıq hissi zəifləyir

Yuxu keyfiyyəti və ümumi həyat məmnuniyyəti artır

Özünü dəyərli, nəzarətdə və güclü hiss etməyə başlayır

Sosial münasibətlərdə sabitlik və empatiya güclənir

Bağışlamaq sadəcə bir emosional jest deyil, bu, insanın özünə verdiyi ən böyük psixoloji dəstəkdir.

İntiqam almağa meyillilik və onun arxasında gizlənənlər

İntiqam hissi, təbii bir reaksiya kimi görünə bilər. İnsan psixologiyasında bu, təhlükəyə qarşı müdafiə, nəzarəti bərpa etmə və ya ədalətsizliyə qarşı çıxma cəhdi kimi formalaşır. Lakin bu hissin arxasında çox zaman aşağıdakı psixoloji ehtiyaclar və qorxular gizlənir:

Ədalət bərqərar edilməlidir inancı ilə içimizdəki nəzarət duyğusunu qorumaq

Güc nümayiş etdirmək və zəif görünməkdən qorunmaq

Dəyərsizlik travması – “əgər cavab verməsəm, məni heçə sayacaqlar” hissi

Keçmiş travmaların aktivləşməsi – indiki hadisəni illər öncə yaşanmış və sağalmamış ağrılarla əlaqələndirmək

İntiqam aldıqda isə çox zaman insanlar gözlədikləri rahatlamanı tapmır. Əksinə, vicdan əzabı, daxili boşluq və təkrarən bu hadisəni yaşamaq ehtiyacı yaranır. Çünki intiqam müalicə etmir – sadəcə ağrını yönləndirir.

Bağışlamaq zəiflərin yox, öz daxili sülhünü qoruyan güclülərin seçimidir. İntiqam almaq isə keçmişin əsiri olmaq deməkdir. Həyatda irəliləmək istəyən insan, daşıdığı yükü yerə qoymağı bacarmalıdır. Çünki yüngülləşmək üçün bəzən sadəcə bir kəlmə kifayətdir: “Səni bağışlayıram – özüm üçün.””

Əlaqəli Xəbərlər