Azərbaycanla BƏƏ əməkdaşlığı müzakirə edib


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Muhəmməd Əl Bluşi ilə qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə edib. SİA xəbər verir ki, Dövlət Komitəsinin sədri Azərbaycanla BƏƏ arasında münasibətlərin ortaq tarixi, milli və mədəni dəyərlərə əsaslanan, qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda inkişaf edən, yüksək səviyyəli tərəfdaşlıq xarakteri daşıdığını bildirib.

B.Muradova son illər ərzində iki ölkə arasında iqtisadi, ticari, siyasi əlaqələrin dinamikasının müsbət istiqamətdə dəyişdiyini, bir sıra strateji sahələrdə – xüsusilə də yaşıl enerji və rəqəmsal texnologiyalar sahəsində mühüm əməkdaşlıqlar qurulduğunu deyib. O əlavə edib ki, bu uğurlar təkcə iki ölkənin deyil, eyni zamanda regionun inkişafına və rifahına xidmət edir.

BƏƏ səfiri iki ölkə arasında mövcud olan yüksək səviyyəli ikitərəfli münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. Muhəmməd Əl Bluşi Azərbaycan və BƏƏ dövlət başçılarının qarşılıqlı səfərləri və görüşlərinin, xüsusilə də COP29 ərəfəsində keçirilən yüksək səviyyəli görüşlərin ticari, iqtisadi və mədəni sahələrdə artan mübadilənin daha da dərinləşməsinə təkan verdiyini qeyd edib.

Görüş çərçivəsində ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, bu istiqamətdə BƏƏ-nin Ailə Müdafiəsi Nazirliyi ilə əlaqələrin qurulması və qarşılıqlı görüşlərin təşkili təklif edilib. Tərəflər bu sahədə təcrübə mübadiləsinin və institusional əməkdaşlığın gələcəkdə hər iki ölkənin sosial siyasətinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Əlaqəli Xəbərlər