Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilib


26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, Əlahiddə Ümumqoşun Orduda, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranma tarixindən, ordumuzun keçdiyi şərəfli döyüş yolundan danışılıb. Qeyd olunub ki, bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Ulu Öndərin misilsiz xidmətləri sayəsində vahid komandanlıq prinsipi ilə idarə edilən nizami ordu yaradılıb.

Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti ilə yüksək döyüş qabiliyyətinə malik Azərbaycan Ordusu formalaşıb. Bunun nəticəsidir ki, Vətən müharibəsində rəşadətli Ordumuz qısa müddət ərzində düşmən qüvvələrini məhv edərək torpaqlarımızı işğaldan azad edib, xalqımıza qələbə sevincini yaşadıb.

Hərbi hissələrdə keçirilən bayram tədbirlərində müdafiə nazirinin 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki çatdırılıb, “dəyirmi masa”lar, konfranslar, muzeylərə ekskursiyalar, o cümlədən kitab, foto və rəsm sərgiləri təşkil edilib, sənədli və bədii filmlər nümayiş olunub. Şəxsi heyətə konsert proqramları təqdim edilib.

Həmçinin şəhidlərimizin məzarları ziyarət edilib və onların ailələri ilə görüşlər keçirilib.

Xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

26 İyun – Silahlı Qüvvələr Günü, həmçinin Azərbaycan Respublikasının xaricdəki nümayəndəliklərində də yüksək səviyyəli qonaqların iştirakı ilə təntənəli şəkildə qeyd edilib.

Əlaqəli Xəbərlər