İyulun 3-də Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının təsis edilməsinin 32 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Mirzə Quliyev, ərazi partiya təşkilatlarının sədrləri, partiya veteranları və partiya üzvləri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Tədbirdə dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və vəfat etmiş partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Yeni Azərbaycan Partiyasının yaranmasını və fəaliyyətini əks etdirən “Uğurlu gələcək, işıqlı sabah” adlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlərin Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı olmasından geniş söhbət açaraq, əlamətdar gün münasibətilə partiya üzvlərinə möhkəm cansağlığı, məsuliyyətli fəaliyyətlərində uğurlar, Vətənimizin tərəqqisi naminə görülən işlərdə yeni nailiyyətlər arzulayıb.
İmişli rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Mirzə Quliyev çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin tək bir səbəbi var idi – xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.
Digər çıxış edənlər – Əliqulu Babaşov, Şahsuvar Əmirahov, Nuridə Miriyeva və Rüfət Muradov Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alınmasından, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin puç edilməsindən danışıblar.
Tədbirdə partiya veteranları və fəal partiya üzvləri “Fəxri Fərman”la təltif olunub, hədiyyələr təqdim olunub.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.