“İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə Görüşünün Azərbaycanda keçirilməsi xalqımızın tarixində mühüm əhəmiyyət kəsb edir” . Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
“Azərbaycan artıq üçüncü dəfədir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edir. Ən önəmlisi isə ondan ibarətdir ki, XVII Zirvə Görüşü 2023-cü ildə işğaldan azad olunmuş Xankəndi şəhərində baş tutub. Bu, Azərbaycan üçün mühüm siyasi və tarixi göstəricidir. Ölkəmiz 30 il işğal altında olan torpaqları bu gün beynəlxalq tədbirlərin keçirildiyi arenaya çevirib”, – deyə politoloq vurğulayıb.
Elşad Mirbəşiroğlu əlavə edib ki, Zirvə Görüşü çərçivəsində müzakirə ediləcək məsələlər də kifayət qədər əhəmiyyətlidir: “İqtisadi əməkdaşlıqla yanaşı, yeni iqlim çağırışları kontekstində əməkdaşlıq formatlarının qurulması xüsusi aktuallıq daşıyır. Azərbaycan ətraf mühitin mühafizəsi və bərpa olunan enerji mənbələrinə keçid sahəsində mühüm nailiyyətlər əldə edib. Sistemli şəkildə yaşıl enerji mənbələrinin yaradılması istiqamətində işlər görülür və bu, Azərbaycanın gələcəkdə yaşıl enerji ixracatçısına çevrilməsi perspektivini formalaşdırır”, – deyə o qeyd edib.
Həmçinin o Xankəndidə keçirilən Zirvə Görüşünün siyasi mesaj baxımından da mühüm rol oynadığını vurğulayıb: “13 ölkənin dövlət və hökumət başçısının Xankəndiyə səfəri mühüm hadisədir. Bu liderlər Ermənistanın Azərbaycan şəhər və kəndlərinə vurduğu dağıntıları öz gözləri ilə görərək real mənzərə ilə tanış olublar. Eyni zamanda Azərbaycanın təbiətinə və ekologiyasına yetirilən zərərlər barədə də əyani təsəvvürlər əldə ediblər. Bu, Ermənistanın işğalçı və təcavüzkar siyasətinin dünya ictimaiyyətinə daha açıq şəkildə nümayiş etdirilməsi baxımından vacibdir”.
Sonda politoloq qeyd edib ki, bu Zirvə Görüşü Azərbaycanın haqlı mövqeyinin daha da güclənməsinə və beynəlxalq nüfuzunun artmasına ciddi töhfə verir: “XVII Zirvə Görüşünün Xankəndidə keçirilməsi ölkəmizin böyük tarixi nailiyyətidir. Bu hadisə Azərbaycanın beynəlxalq aləmdəki pozitiv imicinin daha da möhkəmlənməsinə xidmət edir”.