SOCAR xalis mənfəətini 41 %-dən çox artırıb


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ili 2,927 milyard manat xalis mənfəətlə başa vurub. SİA şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 41,2 % çoxdur.

Ötən il SOCAR-ın satışdan (əsas əməliyyat) gəlirləri 84 milyard 689 milyon manat (əvvəlki ilə nisbətən 0,6% az), satışının maya dəyəri 77 milyard 296 milyon manat (0,9 % çox), ümumi-inzibati xərcləri 2 milyard 252 milyon manat (16,1 % çox), paylaşdırma xərcləri 2 milyard 45 milyon manat (7,3 % az), əmlak, tikili və avadanlıq silinməsi hesabına gəlirləri 15 milyon manat (25 % az), sosial xərcləri 351 milyon manat (17 % çox), kəşfiyyat və qiymətləndirmə xərcləri 17 milyon manat (eyni qalıb), gözlənilən kredit gəlirləri 46 milyon manat (əvvəlki il zərər olub), maliyyə xidmətlərindən gəlirləri 18 milyon manat (əvvəlki il olmayıb), maliyyə xərcləri 2 milyon manat (əvvəlki il olmayıb), sair əməliyyat xərcləri 1 milyard 869 milyon manat (27 % az), sair əməliyyat gəlirləri 1 milyard 970 milyon manat (2,3 dəfə çox), effektiv faiz dərəcəsi üsulundan istifadə etməklə hesablanan faiz gəlirləri 852 milyon manat (28,3 % çox), maliyyə xərcləri 2 milyard 74 milyon manat (13,1 % çox), məzənnə fərqindən zərəri 366 milyon manat (49,3 % az), xalis monetar mövqe üzrə gəlirləri 1,114 milyard manat (11,1 % çox), birgə müəssislərin maliyyə nəticələri hesabına gəlirləri 540 milyon manat (28,6 % az), asılı müəssislərin maliyyə nəticələri hesabına gəlirləri 867 milyon manat (41,7 % çox), mənfəət vergisi ödəmələri isə 912 milyon manat (50,5 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə SOCAR-ın aktivləri 94 milyard 701 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 31,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 24 % artaraq 46 milyard 44 milyon manata, balans kapitalı isə 39,6 % artaraq 48 milyard 657 milyon manata çatıb.

SOCAR ölkə Prezidentinin 13 sentyabr 1992-ci il tarixli fərmanı ilə yaradılıb. 100 % dövlətə məxsus şirkətin əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəql edilməsi, eləcə də neftin, qazın və neft məhsullarının satışından ibarətdir. Onun nizamnamə kapitalı 5 milyard 14 milyon manatdır.

Əlaqəli Xəbərlər