Şamaxı Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Şamaxı Mədəniyyət Mərkəzində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə əvvəlcə “Qərbi Azərbaycan İrsi” silsilə nəşri ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub. Videoçarxda Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi abidələrin, qəbiristanlıqların, məscid və digər dini-mədəni obyektlərin məhv edilməsi faktları əyani şəkildə təqdim edilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Paşalı rayon icmasının sədri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, rayonda məskunlaşmış qərbi azərbaycanlılar və ictimaiyyət nümayəndələri çıxış ediblər.
Qeyd olunub ki, Ermənistan hakimiyyəti uzun illər boyunca azərbaycanlıların tarixini, mədəni kimliyini, dini irsini hədəf alan sistemli şəkildə etnik təmizləmə və vandalizm siyasəti həyata keçirib. Ermənistanda yaşayan azərbaycanlılara məxsus yüzlərlə qəbiristanlıq, məscid, ziyarətgah və türbə ya tamamilə dağıdılıb, ya da izləri silinərək məqsədli şəkildə yox edilib.
Vurğulanıb ki, “Qərbi Azərbaycan İrsi” kitabı təkcə tarixə işıq salmaqla kifayətlənmir, həm də beynəlxalq hüquq qarşısında məsuliyyət daşımalı olan bir prosesin sənədləşdirilmiş sübutudur. Kitabda təqdim olunan fotoşəkillər, xəritələr və arxiv materialları bu dağıntıların təsadüfi deyil, məqsədyönlü olduğunu nümayiş etdirir.
Çıxış edənlər belə fundamental tədqiqatların və topluların beynəlxalq ictimaiyyətə təqdim olunmasının zəruriliyini də vurğulayıblar. Bildirilib ki, bu nəşrlər təkcə tarixi ədalətin bərpasına deyil, həm də gələcək nəsillərin yaddaşında Qərbi Azərbaycanın zəngin irsini yaşatmağa xidmət edir.