İyulun 8-9-da Bakı və Şuşa şəhərlərində Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi nəşri olan “Diplomatiya Aləmi” jurnalının 20 illik yubileyinə həsr olunmuş beynəlxalq dəyirmi masa tədbiri keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən SİA-ya verilən məlumata görə, tədbirdə 16 ölkədən Xarici İşlər nazirliklərinin nümayəndələri, tanınmış beyin mərkəzlərinin təmsilçiləri, eləcə də beynəlxalq münasibətlər və diplomatik təhlil sahəsində ixtisaslaşmış jurnalların redaktorları və ekspertləri iştirak ediblər.
Dəyirmi masanın əsas məqsədi, dost və tərəfdaş ölkələrin Xarici İşlər nazirliklərinin rəsmi nəşrləri istiqamətində, habelə müasir beynəlxalq münasibətlər sistemində strateji təhlilin əhəmiyyətinə dair fikir və təcrübə mübadiləsi aparılmasıdır.
Tədbirin açılışında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov “Diplomatiya Aləmi” jurnalının son 20 ildə Azərbaycanın xarici siyasət prioritetlərini və beynəlxalq proseslərə münasibətini əks etdirən önəmli platforma rolunu oynadığını vurğulayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, praqmatik və açıq xarici siyasət kursuna diqqət çəkən nazir Azərbaycanın beynəlxalq arenada artan nüfuzundan danışıb.
C.Bayramov postmünaqişə dövründə Cənubi Qafqazda formalaşan yeni reallıqlar, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar və sülh sazişinin imzalanmasına maneə törədən əsas məsələlər barədə ətraflı məlumat verib.
O, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini qeyd edib.
Ceyhun Bayramov Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəal iştirakını xüsusi vurğulayaraq, COP29-a ev sahibliyini, Qoşulmama Hərəkatına uğurlu sədrliyini, eləcə də ölkəmizin qarşıdakı dövrdə UNESCAP-ın 82-ci sessiyası, 13-cü Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Günü kimi mühüm tədbirlərə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.
Tədbir çərçivəsində iştirakçılar üçün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfər təşkil olunub. Səfər zamanı qonaqlar Ermənistanın işğal siyasətinin nəticələri, dağıdılmış infrastruktur və tarixi-mədəni abidələr, eləcə də yenidənqurma və bərpa işləri ilə yerində tanış olublar. Şuşanın tarixi və mədəni irsinə dair təqdimatlar keçirilib, səfər mədəni proqramla tamamlanıb.