…2025-ci ilin əvvəlindən Rusiyada 200-ə yaxın avtosalon mərkəzi fəaliyyətini dayandırıb – bu, ölkədə 4000-ə yaxın olan dilerlərin ümumi sayının təxminən 5 faizini təşkil edir.
SİA-nın məlumatına görə, bu barədə Autonews-a Rusiya Avtomobil Dilerləri Assosiasiyasının (ROAD) prezidenti Aleksey Podşekoldin bildirib.
Kütləvi bağlanmalar tələbatın kəskin azalması fonunda baş verir: ilin birinci yarısının nəticələrinə görə, Rusiyada yeni avtomobillərin satışı dörddə birdən çox azalıb.
Podşekoldinin sözlərinə görə, ölkədəki avtosalon şirkətlərinin təxminən 30 faizi hazırda son dərəcə çətin maliyyə vəziyyətindədir və fəaliyyətini dayandırmağa yaxındır.
O qeyd edib ki, Rusiya avtomobil bazarının hazırkı strukturu nə avtomobil istehsalçılarına, nə də dilerlərə davamlı gəlir əldə etməyə imkan vermir.
Satışların ümumi azalmasına baxmayaraq, Rusiyanın Ukraynaya tammiqyaslı işğalının başlanmasından bəri üç ildən çox müddət ərzində Rusiya bazarında avtomobil markalarının sayı iki dəfə artıb.
Belə ki, 2022-ci ilin əvvəlində 60 avtomobil markası vardısa, 2025-ci ilin iyununda artıq 124-ə çatıb.
Eyni zamanda, ekspertin fikrincə, “yeni markaların böyük əksəriyyəti Çinindir”.
Lakin brendlərin sayının artması satışların artması demək deyil.
Orta hesabla, Rusiyada bir avtomobil markası ildə təxminən 12,900 avtomobil satır – bu, bir markanın təxminən 355,500 avtomobil satdığı ABŞ-dan 28 dəfə azdır.
Eyni zamanda, Rusiyada brendlərin sayı Amerika göstəricisindən demək olar ki, üç dəfə çoxdur (45-ə qarşı 124) və ölkədə 4000 avtomobil satıcısı var, ABŞ-da isə 16.700.
Rusiyada bir diler baxımından ildə cəmi 400, ABŞ-da isə 960 satış olur ki, bu da 2,4 dəfə çoxdur.
…Autonews vurğulayır ki, bu cür rəqəmlər Rusiya diler biznesinin əhəmiyyətli hissəsini gəlirsiz edir.
“Avtostat” analitik mərkəzinin rəis müavini Dmitri Ereginin sözlərinə görə, 2025-ci ilin ilk altı ayında Rusiyada 530,4 min yeni minik avtomobili satılıb.Kommersiya nəqliyyatı (yük maşınları və avtobuslar) nəzərə alınmaqla, bazarın ümumi həcmi 601,8 min ədəd təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz az, minik avtomobilləri seqmentində isə azalma 26 faiz təşkil edib. Tələbin azalmasının əsas amilləri arasında “Avtostat”ın analitikləri avtomobillərin yüksək qiymətlərini, Mərkəzi Bankın avtomobil kreditləri sahəsində siyasətini sərtləşdirməsini, kreditlər və depozitlər üzrə yüksək faiz dərəcələrini qeyd edirlər.
Əli Babayev