Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurası Azərbaycan maliyyə naziri Sahil Babayevi növbəti il üçün Şuranın yeni sədri seçib. SİA QDTİB-ə istinadən xəbər verir ki, bu qərar Şuranın Ermənistanda keçirilən 27-ci iclasında qəbul edilib.
Bolqarıstan və Gürcüstandan olan idarəçilər isə sədr müavinləri seçiliblər.
Bankın Rəhbərlər Şurasının 28-ci illik iclası Azərbaycanda keçiriləcək. İclasın dəqiq tarixi və yeri müəyyən olunmuş qaydada təyin ediləcək.
QDTİB Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna tərəfindən təsis edilmiş beynəlxalq maliyyə qurumudur. QDTİB-nin mənzil-qərargahı Yunanıstan Saloniki şəhərində yerləşir.
QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir. Bankın nizamnamə kapitalı 3,45 milyard avro təşkil edir.