“Tərəflər arasında davamlı dialoqun qorunması müsbət nəticədir”


“Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla mümkün görüşü regional sülh prosesinin növbəti mühüm mərhələsi kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.

Onun sözlərinə görə, bu cür görüşlər, xüsusilə neytral məkanda baş tutduqda, tərəflər arasında birbaşa dialoq üçün əlverişli şərait yaradır və vasitəçisiz danışıqlara imkan verir. Politoloq kimi hesab edirəm ki, bu görüşdən bir neçə vacib nəticə çıxa bilər: “Birincisi, sülh sazişinin imzalanması istiqamətində qalan texniki detallarla bağlı razılaşmalar əldə oluna bilər. Bu, prosesin konkret sənəd üzərində irəliləməsinə səbəb ola bilər. İkincisi, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı qarşılıqlı anlayış formalaşa bilər, bu isə gələcəkdə baş verə biləcək hərbi toqquşmaların qarşısını almaq baxımından strateji əhəmiyyət daşıyır.

Üçüncüsü, nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələsində tərəflərin mövqeləri bir qədər də yaxınlaşa bilər. Xüsusilə Zəngəzur dəhlizi və regiondaxili bağlantılarla bağlı ortaq yanaşma formalaşarsa, bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz üçün iqtisadi və siyasi dividendlər gətirə bilər.

Əlavə olaraq, belə bir görüş beynəlxalq ictimaiyyətə, xüsusilə vasitəçilik edən dövlətlərə, tərəflərin siyasi iradə göstərdiyini və danışıqlara açıq olduğunu nümayiş etdirə bilər. Bu isə Azərbaycanın bölgədə sabitlik və əməkdaşlıqyönümlü siyasətinin növbəti təsdiqi olacaq. Görüşdə konkret sənədlər imzalanmasa belə, tərəflər arasında davamlı dialoqun qorunub saxlanması özü müsbət nəticə kimi dəyərləndirilməlidir”.

Əlaqəli Xəbərlər