Məlumdur ki, dünən ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin və nümayəndələrinin növbəti səfəri Ağdam şəhərinə təşkil olunub. Siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə səfərləri ölkəmizdə təşviq edilən siyasi dialoq mühitinin ayrılmaz hissəsidir. Demokratik ənənələrin dərinləşməsinə xidmət edən bu təcrübə Azərbaycan cəmiyyəti tərəfindən rəğbətlə qarşılanır və fəal şəkildə dəstəklənir. Dialoq mühiti siyasi müstəvidə tərəflər arasında etibarlı və güvənli münasibətlərin formalaşdırılmasına xidmət edir.
SİA mövzu ilə bağlı səfərdə iştirak edən siyasi partiya sədrləri arasında sorğu edərək onların təəssüratlarını öyrənib.
Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa: “Prezident Administrasiyasının müvafiq şöbəsinin təşkilatçılığı ilə Ağdama səfərimiz oldu. Orada həm məscidi ziyarət etdik, həm də sənaye kompleksi, sənaye parkı və ümumiyaşayış obyektləri ilə tanış olduq. Eyni zamanda bölgənin hotelləri, görməli yerləri və infrastruktur vəziyyəti – o cümlədən küçələrin abadlığı, dəmir yolunun olub-olmaması və nəqliyyat sisteminin ümumi durumu ilə yerində tanışlıq apardıq.
Bizə kifayət qədər əhatəli məlumatlar təqdim olundu. Hesab edirik ki, bu səfər olduqca faydalı oldu. Hörmətli dövlət qurumlarının belə təşəbbüsləri nəticəsində artıq səkkizinci dəfədir ki, dövlət strukturları və nümayəndələri bu ərazilərə səfər edirlər. Bu həm də ölkə Prezidentinin siyasi iradəsini və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və inkişaf işlərinə verdiyi yüksək önəmi göstərir.
Səfər zamanı aparılan müşahidələr, eyni zamanda yeni ideyaların və təşəbbüslərin formalaşmasına zəmin yaradır. Biz də bu prosesi dəstəkləyir və gördüklərimizi ictimaiyyətlə bölüşməyə çalışırıq. Bu, həm də son illər ərzində görülən işlərin cəmiyyətə daha yaxından tanıdılması baxımından mühüm rol oynayır”.
AĞ Partiyasının sədri Tural Abbaslı: “Təəssüratlarımız, təbii ki, çox müsbət oldu. İşğaldan azad edilmiş ərazilərə səfər etmək, oradakı bərpa və quruculuq işlərini yerində görmək insanda xoş və ümidverici hisslər yaradır. Ağdam isə xüsusilə fərqli təəssürat bağışladı. Əvvəla ona görə ki, biz Ağdama yeni salınmış dəmir yolu vasitəsilə – sürət qatarı ilə getdik. Yüksək səviyyədə inşa edilmiş yeni dəmiryolu vağzalında qatar dayanaraq bizi şəhərə gətirdi. Vağzal kompleksinin özünün müasirliyi, eləcə də onun Ağdamın ümumi Baş Planı ilə uyğunluğu diqqətəlayiq idi.
Artıq yaşayış komplekslərinin tikintisinə başlanılıb və planlaşdırılır ki, Ağdam yaxın illərdə 100 min nəfərlik əhalisi olan müasir bir şəhərə çevrilsin. Şəhərdə eyni zamanda böyük bir Muğam Mərkəzi də inşa olunub – bu, yüksək standartlara cavab verən əsl mədəniyyət kompleksidir. Bundan əlavə, Ağdamda Sənaye Parkı fəaliyyət göstərir və burada artıq 30-dan çox müəssisə qeydiyyatdan keçib, bəziləri isə artıq fəaliyyətə başlayıb.
Bütün bu görülən işlər həm böyük zəhmətin, həm də ciddi maliyyə vəsaitlərinin nəticəsidir. Bu inkişafı yerində görmək, prosesin şahidi olmaq bizdə gələcəyə inam yaradır. Xatırlayıram ki, biz 2021-ci ildə siyasi partiya rəhbərləri ilə birlikdə ilk dəfə Ağdama səfər etmişdik. O vaxt şəhərdə yalnız bir cümə məscidi qalmışdı və bütün şəhər tamamilə dağıdılmış vəziyyətdə idi. Heç bir ev, heç bir obyekt qalmamışdı. İndi isə yollar salınır, məscidlər bərpa olunur. Həmin cümə məscidi də artıq əvvəlki möhtəşəm görkəmini yenidən qazanıb.
Ən əsası isə odur ki, biz artıq bu torpaqlarda həyatın qayıtdığını görürük. İnsanlar burada yenidən yaşayacaq, işləyəcək və yeni həyat quracaq. Biz həm müxalifət, həm də iqtidar təmsilçiləri olaraq hesab edirik ki, görülən yaxşı işləri dəyərləndirmək, qiymətləndirmək və ictimaiyyətə çatdırmaq lazımdır. Bu, həm də şəffaflıq baxımından önəmlidir. Biz bu işləri izləyir, müşahidə edir və öz töhfəmizi verməyə çalışırıq. Ümid edirik ki, Böyük Qayıdış prosesi davamlı və dayanıqlı olacaq.
Bu gün Ağdamda gördüklərimiz bir daha təsdiqləyir ki, bu proses geridönməz xarakter alır. Ağdam artıq təkcə Qarabağın deyil, ümumilikdə Azərbaycanın dördüncü böyük şəhəri olmaq yolundadır. Bu ruh şəhərdə hiss olunur. Ümid edirəm ki, növbəti səfərimiz zamanı Ağdamda artıq on minlərlə insanın yaşadığı, işlədiyi, ailə qurduğu bir şəhər görəcəyik.
Səfərlərin siyasi mesajı da danılmazdır. Müxtəlif ideoloji baxışlara malik olan insanların birlikdə bu ərazilərə səfəri həm də ölkə daxilində milli həmrəyliyi, dünyaya isə Azərbaycanın ərazi bütövlüyü ətrafında birliyini nümayiş etdirir. Bu, təsadüfi deyil – bu səfərlər hər dəfə cəmiyyət tərəfindən maraqla qarşılanır və davam etdirilməsi tələb olunur. Təşəkkür edirəm”.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı: “Azərbaycan Respublikası Prezident Administrasiyasının, siyasi partiyaların və Milli Məclisin təşəbbüsü ilə işğaldan azad olunmuş Ağdama daha bir səfər təşkil olundu. Bu, bizim Ağdama ikinci səfərimiz idi. Birinci səfər müharibənin başa çatmasından dərhal sonra – hələ tikinti və bərpa işlərinə başlanmamış dövrdə baş tutmuşdu. Həmin vaxt şəhərdəki mənzərə sözün əsl mənasında dəhşətli idi. Ağdamda demək olar ki, bütün yaşayış evləri, ictimai binalar yerlə-yeksan edilmişdi, şəhər xarabalığa çevrilmişdi. Yalnız bir cümə məscidi salamat qalmışdı – lakin o da təhqir olunmuşdu, ermənilər orada heyvan saxlayaraq məscidin mənəvi toxunulmazlığını pozmuşdular.
Bu səfər isə artıq tamamilə fərqli təəssüratlarla yadda qaldı. Şəhərin müxtəlif hissələrində genişmiqyaslı bərpa və tikinti işləri gedir. Biz Ağdama Bakıdan hərəkət edən sürət qatarı ilə gəldik və ilk dəfə həmin qatarda səfər edən qrupun tərkibində olduq. Yeni tikilmiş dəmir yolu vağzalında bizi Prezidentin xüsusi nümayəndəsi, hörmətli Emin Hüseynov qarşıladı. O, bizə Ağdamın hazırkı vəziyyəti və perspektiv inkişaf planları barədə ətraflı məlumat verdi, şəhərin Baş Planı ilə tanış etdi.
Səfər çərçivəsində biz yeni salınan yaşayış massivlərinə baxış keçirdik, Ağdam Sənaye Parkı ilə tanış olduq. Sənaye zonasında artıq bir sıra müəssisələr fəaliyyətə başlayıb, digər sahələr isə istifadəyə verilməyə hazırlaşır. Bu isə sahibkarlığın inkişafına göstərilən böyük diqqətin bariz nümunəsidir.
Bundan əlavə, biz Heydər Əliyev Fondu tərəfindən dəstəklənən məscid kompleksində olduq, şəhərin mərkəzində inşa edilən dini və mədəni obyektlərlə tanış olduq. Orada şəhidlərimizin ruhuna dualar oxundu.
Səfərin ən təsiredici məqamlarından biri isə Hıdırlı kəndinə daxil olmaq və oradakı hazır mənzillərlə tanışlıq idi. Kənddə artıq müasir standartlara cavab verən yaşayış evləri tikilib. Evlər yüksək keyfiyyətlə inşa olunub, su və kanalizasiya sistemi, müasir mətbəx avadanlıqları, istilik təchizatı və digər infrastrukturla təmin olunub. Hər bir evin qarşısında vətəndaşların şəxsi təsərrüfat fəaliyyəti ilə məşğul olması üçün torpaq sahələri ayrılıb.
Bu səfər zamanı şahidi olduqlarımız bizdə bir daha qürur hissi yaratdı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Onun rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesi Azərbaycan dövlətinin gücünü, siyasi iradəsini və xalqına olan məsuliyyətini bir daha nümayiş etdirir.
Ağdamda gördüklərimiz bizə göstərdi ki, Böyük Qayıdış artıq gerçəkləşir – həyat bu torpaqlara dönür və yaxın gələcəkdə Ağdam yenidən Azərbaycanın əsas şəhərlərindən birinə çevriləcək”.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə: “Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə təşkil olunan bu səfər sayca səkkizinci, Ağdama isə ikinci səfər idi. İlk səfərimiz 2021-ci ilin 17 mart tarixində reallaşmışdı. Həmin vaxt Ağdamın ümumi vəziyyəti barədə təəssüratlarımızı bölüşərkən həm qürur, həm də dərin kədər hissi keçirmişdik. Ağdam şəhəri faktiki olaraq viran qoyulmuş, infrastrukturu tamamilə dağıdılmış vəziyyətdə idi. Beynəlxalq media nümayəndələri tərəfindən Ağdam Hirosima və Naqasakiyə bənzədilirdi. Bu, heç də mübaliğə deyildi: şəhərin demək olar ki, bütün tikililəri – yaşayış evləri, ictimai binalar, məktəblər və məscidlər – tamamilə yerlə bir edilmişdi. Ağdam məscidi isə dağıdılmasa da, mənəvi təhqirə məruz qalmışdı. Lakin aradan keçən 4 il ərzində Ağdamda müşahidə etdiyimiz mənzərə tamamilə dəyişmişdir. Bu dəfə Ağdama yeni çəkilmiş dəmir yolu xətti vasitəsilə – sürət qatarı ilə getdik və bu nəqliyyat infrastrukturunun yüksək səviyyədə təşkil olunduğuna şahidlik etdik. Bu həm də bölgədə nəqliyyat əlçatanlığının artırılması baxımından mühüm addımdır.
Hazırda Ağdam şəhəri ərazisində genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Heydər Əliyev Fondu və digər dövlət qurumlarının dəstəyi ilə infrastruktur layihələri reallaşdırılır, yol kəsişmələri salınır, yeni məktəblər və mehmanxanalar tikilir. Şəhərdə yerləşən Ağdam Sənaye Parkında artıq məhsul istehsalı həyata keçirilir və bu məhsullar ixrac olunur.
Səfər çərçivəsində Xıdırlı kəndində də olduq. Burada Qırğızıstanın birbaşa dəstəyi ilə inşa edilmiş yeni orta məktəb və yaşayış infrastrukturu ilə tanış olduq. Kənd tamamilə yenidən qurulub, abadlaşdırılıb. Bu ərazilərə artıq ilk ailələrin köçürülməsinə başlanılıb.
Qısa müddət ərzində, cəmi 4 ilə yaxın bir vaxtda Ağdamda demək olar ki, yeni şəhər salınmışdır. Əgər əvvəllər Ağdamın əhalisi 40 min nəfər idisə, hazırda şəhərin 100 min nəfərlik əhali üçün planlaşdırıldığı görünür. Bu da onu göstərir ki, Ağdam gələcəkdə Azərbaycanın dördüncü böyük şəhəri kimi formalaşacaq.
Səfər zamanı görülmüş və planlaşdırılan işlər haqqında ətraflı məlumat verildi. Əldə etdiyimiz təəssüratlar olduqca müsbətdir. Qarabağ bərpa olunur, insanlarımızın geri qayıdışı üçün münbit şərait yaradılır. Eyni zamanda bu cür səfərlər Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi kursun davamı kimi qiymətləndirilməlidir. Yeni siyasi münasibətlər sisteminin formalaşması istiqamətində atılan addımlar ölkəmizin dayanıqlı inkişafını və milli həmrəyliyini təmin edir. Səfərin təşkilində iştirak edən bütün qurumlara – Prezident Administrasiyasının aidiyyəti şöbəsinə, Ağdam üzrə nümayəndəliyə və əməkdaşlara təşəkkürümüzü bildiririk”.
Ayşən Vəli