“İran-İsrail arasında atəşkəs pozularsa, Yaxın Şərqdə müharibə riski yüksələcək”


“İran və İsrail arasında mövcud olan gərgin münasibətlər tarix boyu münaqişə riskini davamlı şəkildə artırıb. Hazırda əldə olunan atəşkəs nisbətən sakitliyin qorunmasına xidmət etsə də, bu vəziyyətin uzunmüddətli olacağına dair təminat yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, səbəb isə tərəflər arasında dərin ideoloji, siyasi və hərbi qarşıdurmaların hələ də davam etməsidir: “İranın regionda nüfuz dairəsini genişləndirməyə çalışması, xüsusilə Livan, Suriya və Yəməndə müxtəlif qruplara dəstək verməsi İsrail tərəfindən birbaşa təhdid kimi qiymətləndirilir. Eyni zamanda İsrailin İranın nüvə proqramına qarşı apardığı aktiv kəşfiyyat və hərbi tədbirlər də qarşıdurma ehtimalını artırır.

Əgər atəşkəs pozularsa, bu ilk növbədə Yaxın Şərqdə silahlı toqquşmaların yenidən alovlanmasına, Livan və Suriyadakı İran tərəfdarı qrupların İsrailə qarşı hücumlar həyata keçirməsinə səbəb ola bilər. Bu isə nəticə etibarilə regionda tammiqyaslı müharibənin başlanmasına yol aça bilər.

Beynəlxalq baxımdan isə belə bir münaqişə enerji bazarlarında qeyri-sabitliyə, neft qiymətlərinin qalxmasına, Qərb və ABŞ-ın daha fəal hərbi və diplomatik müdaxiləsinə gətirib çıxara bilər. Belə bir ssenari həm region ölkələri, həm də dünya gücləri üçün böyük geosiyasi risklər yaradar. Buna görə də, beynəlxalq ictimaiyyətin əsas məqsədi bu atəşkəsi qorumaq və tərəfləri diplomatik masa ətrafında saxlamaq olmalıdır”.

Əlaqəli Xəbərlər