“Son illər Azərbaycan gəncləri arasında xaricə köçmək tendensiyası nəzərəçarpacaq dərəcədə artıb. Bu prosesi yalnız “vətənə bağlılıq yoxdur” kimi səthi yanaşmalarla izah etmək doğru olmaz. Məsələyə daha geniş, sosioloji və psixoloji prizmadan baxmaq lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, gənclərin xaricə üz tutmasının əsas səbəbləri arasında daha yaxşı təhsil, sabit və şəffaf iş imkanları, azad həyat tərzi, hüquq və sosial ədalətə daha yüksək inam kimi faktorlar dayanır: “Bu, əslində qloballaşan dünyada təbii bir meyildir. Gənclər daha çox bilik və təcrübə əldə etmək, öz potensiallarını reallaşdırmaq üçün imkanların daha geniş olduğu coğrafiyalara yönəlirlər. Təbii ki, bu meyil bir qədər də ölkədaxili sosial-iqtisadi narazılıqlardan qaynaqlanır. Gənclər sosial liftlərin zəif olması, nepotizm, əmək bazarında qeyri-müəyyənlik kimi səbəblərdən dolayı gələcəyini xaricdə görməyə başlayır. Bu isə ölkədə intellektual resursların tədricən xaricə axınına səbəb olur ki, bu da “beyin axını” kimi adlandırılır. Lakin qeyd etmək lazımdır ki, vətənə bağlılıq anlayışı hər zaman fiziki coğrafiya ilə ölçülməməlidir. Bir çox gənc xaricdə olsa da, mədəni kimliyini qoruyur, Azərbaycanla bağlarını saxlayır və hətta bir gün geri dönmək ümidi ilə yaşayır. Onların bir çoxu sonradan qazandıqları təcrübə və biliklərlə ölkəyə faydalı olmaq istəyir.
Yekun olaraq deyə bilərik ki, bu tendensiyanı gənclərin vətəninə sevgisizliyi kimi deyil, daha çox özünü reallaşdırmaq, layiqli həyat qurmaq və sosial təminat axtarışı kimi dəyərləndirmək lazımdır. Bu, həm də cəmiyyət və dövlət üçün bir siqnaldır: gəncləri ölkədə saxlamaq üçün daha cəlbedici mühit yaradılmalıdır”.