Avropalı liderlər Donald Trampın Rusiyaya qarşı sərt mövqe tutmasını alqışlayıblar


ABŞ Prezidenti Donald Trampın NATO-nun Baş katibi Mark Rutte ilə mətbuata bəyanatında Ukrayna ilə müharibənin 50 gün ərzində dayandırılmaması təqdirdə, Rusiyanı tariflərlə cəzalandıracağı barədə açıqlaması Avropadakı NATO müttəfiqlərinin liderləri tərəfindən məmnunluqla qarşılanıb. SİA “Bild” qəzetinə istinadla xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu barədə deyib: “Trampın Rusiyaya qarşı sərt mövqe tutması müsbət haldır. Digər tərəfdən, 50 gün çox uzun vaxtdır”.

Almaniyanın Kansleri Fridrix Merts də X platformasında etdiyi paylaşımda ABŞ Prezidentinə bu təşəbbüsə görə təşəkkürünü bildirib: “Prezident Tramp bu gün mühüm təşəbbüs irəli sürüb. Əgər Avropa tərəfdaşları maliyyələşdirsə, ABŞ Ukraynaya geniş miqyasda silahlar verəcək”.

Almaniyanın vitse-kansleri Lars Klinqbayl “ABŞ administrasiyasının Rusiyaya təzyiqi artırması və eyni zamanda, Ukraynanın hava hücumundan müdafiəsini dəstəkləməsini yaxşı hal olduğunu qeyd edib. O, real danışıqlar və sülh üçün Moskvaya təzyiqin artırılmasının vacibliyini vurğulayıb.

ABŞ-da səfərdə olan Almaniyanın müdafiə naziri Boris Pistorius hər iki ölkənin Ukraynaya iki “Patriot” sisteminin göndərməsi məsələsinə münasibət bildirib. İki milyard dollar dəyərindəki bu sistemlərin tədarükünün Almaniya tərəfindən maliyyələşdiriləcəyini qeyd edən B.Pistorius bəzi texniki, logistika və maliyyə detallarının hələ də dəqiqləşdirilməli olduğunu vurğulayıb. Lakin o, bunların hər iki tərəf üçün həll edilə bilən məsələlər olduğunu və buna görə tezliklə işə başlanacağını qeyd edib.

Almaniyalı nazir amerikalı həmkarı Pit Heqset ilə görüşdə ABŞ-ın rolunun kollektiv təhlükəsizlik üçün əvəzolunmaz olduğunu qeyd edərək bildirib ki, Almaniya Avropanın müdafiəsi üçün daha çox məsuliyyət daşımağa hazırdır. Almaniya bundan sonra da alyans daxilində lider və etibarlı tərəfdaş kimi qalacaq.

Qeyd edək ki, NATO-nun Baş katibi Mark Rutte ABŞ-ın Ukraynaya veriləcəyi silahların Almaniya, Finlandiya, Kanada, Norveç, İsveç, Böyük Britaniya və Danimarka tərəfindən maliyyələşdiriləcəyini bildirib.

Əlaqəli Xəbərlər