Əlilliyi olan şəxslərə hüquqi və mənəvi dəstək məsələsi müzakirə olunub


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu” tərəfindən həyata keçirilən “Əlilliyi olan şəxslərə hüquqi və mənəvi dəstək” adlı layihəsi çərçivəsində müharibə əlillərinin, veteranların, ümumi kateqoriyalı əlillərin və aidiyyəti QHT-lərin rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib.

SİA xəbər verir ki, Fondun mətbuat xidmətindən verilən məlumata görə, iştirakçılar əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

“Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucov bildirib ki, həyata keçirilən layihənin məqsədi “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar ölkəmizin dövlət suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşərək sağlamlığını itirmiş müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin tibbi-sosial problemlərinin həllinə kömək etməkdən ibarətdir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə deyib ki, layihə çərçivəsində qanunvericiliyə uyğun olaraq 11 müharibə əlilinin ləğv olunmuş əlillik dərəcəsi bərpa edilib, 13 nəfər Vətən müharibəsi iştirakçısının veteran adı almasına hüquqi kömək göstərilib. Bundan başqa, 9 nəfər müharibə əlili və veteranının əlillik dərəcəsi və veteran adı alması ilə əlaqədar Bakı İnzibati Məhkəməsinə müraciət edilib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı Rasim Mirzəyev, Zəngilan rayon şöbəsinin sədr müavini Möhübbət Qurbanov, Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri Əzzağa Qənizadə, Dinc Dünya Araşdırmaları İctimai Birliyinin sədri Əlsafa Mehtiyev və başqaları çıxış edərək müharibə əlillərinin tibbi-sosial problemləri ilə əlaqədar həyata keçirilən layihəni müsbət qiymətləndiriblər.

Dəyirmi masanın yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Əlaqəli Xəbərlər