Nazirlər Kabineti “Dövlət İnvestisiya Proqramına daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sisteminin yaradılması və tətbiqi istiqamətində tədbirlər görməlidir.
Qaydalar layihələr üzrə hesabatlılığı, monitorinq prosedurlarını, nəticələrin qiymətləndirilməsini, eləcə də Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sisteminin monitorinq istiqaməti üzrə fəaliyyətlərini müəyyən edir.
Layihələrin icrasının monitorinqini investisiya layihələrinin icrasına dair hesabatın monitorinqi və investisiya layihələrinin yerində monitorinqi şəklində İqtisadiyyat Nazirliyi həyata keçirir.