17 iyul 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının təsis edilməsinin 12-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, YAP Təftiş Komissiyasının üzvü və Milli Məclisin deputatı Aydın Hüseynov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, “Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vəzir Səfixanov və Zülfiyyə Məmmədhüseynova, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca, şəhid ailələri, rayon ərazisində fəaliyət göstərən idarə, müəssisələrinin rəhbərləri və ərazi partiya təşkilat sədrləri, fəal gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov partiya üzvlərini əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmət edir. Bu baxımdan YAP Pirallahı rayon təşkilatıda qarşıda duran məsul vəzifələrin həlli istiqamətində öz işini yeniləşən Azərbaycanın müasir tələbləri kontekstində qurmalı, ölkədəki islahatlar prosesinə hərtərəfli dəstək verməklə yanaşı, daxili pozitiv transformasiyalara da hər an hazır olmalıdır. Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, Yeni Azərbaycan Partiyası Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub.
Emil Abasov qeyd edib ki, öz ideoloji prinsiplərini cəmiyyətimizin birliyi, bütövlüyü və həmrəyliyi üzərində quran Yeni Azərbaycan Partiyası Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında bu mühüm tarixi missiyanın öhdəsindən uğurla gəlmişdir. Öz fəaliyyətini bu günün tələbləri səviyyəsində quran YAP Pirallahı rayon təşkilatı ən gənc rayon təşkilatı olmasına baxmayaraq, əldə etdiyi naliyyətlərlə ümumi işimizə öz töhfəsini verməkdədir. Ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində, sosial şəbəkələrdə aparılan təbliğat işlərində, gənclərin siyasi maarifləndirilməsində Pirallahı rayon təşkilatı hər zaman aktivlik nümayiş etdirir, YAP Mərkəzi Aparatının tapşırıqlarını əminliklə yerinə yetirir.
Tədbirdə çıxış edən qonaqlar – YAP Təftiş Komissiyasının üzvü və Milli Məclisin deputatı Aydın Hüseynov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, “Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca və Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, partiyanın milli dövlət quruculuğundakı tarixi rolundan və müasir dövrdəki fəaliyyətindən bəhs ediblər.
Qonaqlar vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan və “Dövlətə, xalqa xidmət” prinsipi üzərində qurulan Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrilmişdir. Bildirilib ki, partiya zamanın çağırışlarına uyğun olaraq daim öz fəaliyyətini yeniləyir, dövlətçilik maraqlarının qorunması və xalqın rifahının təmin olunması istiqamətində mühüm təşəbbüslərlə çıxış edir.
Çıxışlarda Prezident, partiyanın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının modern, çevik və strateji düşüncəyə malik siyasi təşkilata çevrildiyi qeyd olunub. Natiqlər partiyanın həm daxili siyasətdə, həm də beynəlxalq müstəvidə ölkəmizin nüfuzunun artırılmasında xüsusi rol oynadığını vurğulayıblar. Bu xüsusda Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi, xalqın və ordunun birliyi ilə qazanılan uğurlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Qonaqlar qeyd ediblər ki, bu qələbə təkcə hərbi deyil, həm də siyasi və mənəvi müstəvidə Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi. Tədbirdə, eyni zamanda, YAP Pirallahı rayon təşkilatının fəaliyyəti də yüksək qiymətləndirilib. Vurğulanıb ki, ölkənin ən gənc inzibati rayonlarından biri olan Pirallahıda partiya təşkilatı qısa müddətdə mühüm təşəbbüslərlə çıxış edərək, rayonun ictimai-siyasi həyatında fəal iştirak edir. Seçkilərdə, maarifləndirici kampaniyalarda, sosial layihələrdə və gənclərin siyasi fəallığının artırılmasında rayon təşkilatının mühüm töhfələri qeyd olunub. Natiqlər çıxışlarında həmçinin Azərbaycanın əldə etdiyi sabitliyin və inkişafın kökündə məhz Heydər Əliyev siyasi xəttinin dayandığını qeyd ediblər. Bu siyasi xəttin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın regionda və dünyada güclü və nüfuzlu dövlətə çevrildiyi vurğulanıb.
Sonda çıxış edən qonaqlar YAP Pirallahı rayon təşkilatının yaradılmasının 12-ci ildönümü münasibətilə təşkilatın üzvlərini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Onlar əmin olduqlarını bildiriblər ki, YAP Pirallahı rayon təşkilatı bundan sonra da ölkənin inkişafı naminə üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcək, partiyanın ideoloji və siyasi prinsiplərinin həyata keçirilməsində fəal iştirak edəcək.
Tədbirin sonunda partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə fəxri fərman və hədiyyələr təqdim olunub.