İqtisadiyyat Nazirliyi Nazirlər Kabinetinin 11 iyul 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş 2026-cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısını açıqlayıb. SİA xəbər verir ki, bunlar, Bakı şəhərində elmi-texnoloji parkın inşası və idarə edilməsi”, “Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi”, “Heyvan cəsədləri və bioloji tullantıların utilizasiya mərkəzlərinin inşası”, “Hövsan aerasiya (ÇSTQ) qurğusunun təmiri və çirkab suların təkrar emalı ilə bağlı yeni qurğuların quraşdırılması”, “Kəlbəcər rayonunda turizm-rekreasiya (istirahət) zonasının yaradılması”, “Yük avtonəqliyyat parklarının (TIR parklarının) yaradılması” layihələridir.
Təhsil, ətraf mühit, qida təhlükəsizliyi, su, turizm və nəqliyyat sahələrində strateji əhəmiyyət daşıyan layihələrin özəl sektorla sıx əməkdaşlıq formasında həyata keçirilməsi planlaşdırılır. Məqsəd ölkənin dayanıqlı inkişaf strategiyasına uyğun olaraq sosial və iqtisadi sahələrdə infrastrukturun təkmilləşdirilməsi, ətraf mühitin qorunması və turizm potensialının artırılmasıdır.
Layihələr ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, investisiyaların artırılması və innovativ həllərin tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.