Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin birinci yarımilin nəticələrinə həsr edilən əməliyyat müşavirəsi keçirilib. SİA– nın məlumatına görə, müşavirə Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun sədrliyi ilə baş tutub.
Bildirilib ki, qeyd olunan dövrdə Baş İdarə tərəfindən vətəndaşların 5713 müraciətinə baxılmışdır.
Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması istiqamətində prokuror təsir tədbirlərinin tətbiqindən də müvafiq dövr ərzində istifadə edilən, yol verilən qanun pozuntularının səbəblərinin müəyyən edilməsi və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif qurumlara 66 təqdimat göndərilib. Təqdimatlara əsasən həmin qurumların bir sıra işçiləri intizam məsuliyyətinə cəlb edilmiş və bu kimi digər zəruri tədbirlərin görülməsi təmin olunub.
Əməliyyat qurumları tərəfindən 59 cinayət işi başlanıb, keçirilən 12 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 10 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 7 nəfər saxlanılıb.
Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 113 şəxs barəsində 72 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 85 şəxs barəsində 54 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilən cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır.
Hesabat dövrü ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulan 23 milyon 512 min 325 manat məbləğində maddi ziyandan 5 milyon 634 min 673 manatının ödənilməsi təmin olunub.
Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılan cinayət işləri üzrə 12 milyon 2 min 365 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.