Misir əhalisinin 60 faizi 30 yaşdan aşağıdır


Misir əhalisinin böyük hissəsi gənclərdən ibarətdir. Belə ki, əhalinin 60 faizini 30 yaşa qədər insanlar təşkil edir. 15 yaşa qədər insanların sayı isə ümumi əhalinin 32%-nə çatıb. Bu rəqəmlər gələcək inkişafı dəstəkləyə biləcək böyük insan potensialının mövcudluğunu göstərir. SİA xəbər verir ki, bunu Misirin Mərkəzi Statistika təşkilatının sədrinin müşaviri Hüseyn Əbdüləziz yerli televiziyalara müsahibəsində deyib.

Qeyd olunub ki, hazırda 60 və yuxarı yaşda olanların sayı 5%-dən çox deyil. Lakin səhiyyə xidmətlərinin yaxşılaşması nəticəsində bu rəqəmin 2027-ci ilə qədər artaraq 15%-ə çatacağı gözlənilir.

Statistika təşkilatının müşaviri bildirib ki, ölkədə kişilərin sayı qadınlardan çoxdur. Belə ki, hər 100 qadına 106 kişi düşür.

Hüseyn Əbdüləziz Misirdə boşanma və subaylıq hallarının artması ilə bağlı yayılan iddiaları rədd edərək bildirib ki, 2023-cü ildə ölkədə 960 min nikah qeyd alınıb, 266 min boşanma halı baş verib. O əlavə edib ki, evliliyin ilk ilində baş verən boşanmaların sayı isə 10%-i keçmir.

Əlaqəli Xəbərlər