Türkiyəyə səfərimizin məqsədi hüquqi sahədə əməkdaşlığı genişləndirmək və daha faydalı nöqtəyə gətirməkdir. SİA-ya verilən məlumata görə, bunu Türkiyədə səfərdə olan Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
Baş Prokuror bildirib ki, indiyə qədər Türkiyə ilə Azərbaycan arasında məhkəmə, prokurorluq, Ədliyyə nazirlikləri, hüququ mühafizə orqanları arasında intensiv, faydalı əməkdaşlıq görüşləri olub: “Çalışacağıq ki, bu görüşlər gələcəkdə daha da aktiv hala gəlsin. Proseslər göstərir ki, bu görüşlər hər iki ölkə üçün də zəruridir”.
Qeyd edək ki, Baş Prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün dəvəti ilə Ankarada ikigünlük rəsmi işgüzar səfərdədir.
Heyəti ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov müşayiət edib.
Proqram çərçivəsində Baş prokuror Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokurorluğunda Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk ilə ikitərəfli görüş keçirib. Görüş zamanı Azərbaycan hüquq-mühafizə orqanları haqqında məlumat verilib.
Proqramda Ali Məhkəmənin Baş Hakimi Ömer Kerkez və Türkiyənin Ədliyyə Naziri Yılmaz Tunçla görüş nəzərdə tutulub.
Prezident Rəcəb Tayyib Ərdoğan da Azərbaycan nümayəndə heyətini qəbul edəcək.