XRİTDX-də ilk yarımilin yekunlarına həsr olunmuş müşavirə keçirilib


Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) bu ilin yanvar-iyun aylarının yekunlarına həsr olunmuş geniş tərkibli müşavirə keçirilib. Dövlət Xidmətindən SİA-ya bildirilib ki, iclası giriş sözü ilə açan xidmət rəisi general leytenant İlqar Musayev dünyada yeni texnologiyaların sürətlə tətbiq edildiyi bir zamanda informasiya təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uzaqgörən siyasəti nəticəsində ölkəmizin mühüm uğurlar qazandığını vurğulayıb.

İ.Musayev xidmət tərəfindən həyata keçirilən islahatlar, kibertəhlükəsizlik sahəsində milli resursların gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müasir texnologiyalara əsaslanan yeni layihələrin icrası və informasiya təhlükəsizliyi üzrə bilik və bacarıqların artırılması istiqamətində görülmüş işlər, həmçinin qarşıda duran prioritet vəzifələr barədə ətraflı danışıb və bu sahədə fəaliyyətin daha da səmərəli təşkili ilə bağlı aidiyyəti struktur rəhbərlərinə tapşırıqlar verib.

Daha sonra xidmətin fəaliyyət istiqamətlərini və gələcək planlarını əhatə edən hesabat təqdim olunub. Müşavirə zamanı çıxış edən struktur bölmələrin rəhbərləri hesabat dövründə dövlət orqanlarının xüsusi dövlət rabitəsi, hökumət rabitəsi, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemləri və şəbəkələri ilə təmin edilməsi, onların internet şəbəkəsi ilə əlaqələndirilməsi, internet informasiya resurslarının Məlumat və Resurs Mərkəzində yerləşdirilməsi və istismarı, informasiya təhlükəsizliyinin təmin olunması və bu sahədə tələblərin gücləndirilməsi ilə bağlı görülən işlər barədə geniş məlumat veriblər.

Qeyd olunub ki, əldə edilən nəticələr ötən ilin eyni dövrü ilə müqayisədə xidmətin fəaliyyətində texnoloji imkanların genişləndirilməsi, beynəlxalq tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və kibertəhlükəsizlik sahəsində institusional inkişaf istiqamətində ciddi irəliləyişləri nümayiş etdirir.

Tədbirin sonunda 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bir sıra əməkdaşına mükafatlar təqdim olunub.

Əlaqəli Xəbərlər