“Yuxusuzluq sadəcə yorğunluq deyil, həmçinin…”


“Yuxusuzluq dedikdə yalnız yuxuya gedə bilməmək və ya gecə tez-tez ayılmaq nəzərdə tutulmamalıdır. Bu, birbaşa beynin ritmik biologiyasına təsir edən klinik haldır”. Bunu SİA-ya açıqlamasında nevroloq, klinik neyrofizioloq, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Mərziyyə Məmmədova bildirib.

Həkimin sözlərinə görə, bu vəziyyət adətən sirkadiyan ritmlərin – yəni orqanizmin daxili bioloji saatının disbalansı ilə başlayır: “Beynin hipotalamus nahiyəsində yerləşən supraxiazmatik nüvə (SCN) 24 saatlıq ritmləri tənzimləyir. Bu sistem gün işığına cavab verərək melatonin hormonunun gecə ifrazını təmin edir və bədənə “yuxu vaxtıdır” siqnalı göndərir. Axşam saatlarında süni işıq mənbələrinin (telefon, televizor, kompüter və s.) istifadəsi bu ritmi pozur və nəticədə melatoninin ifrazı ləngiyir və ya zəifləyir. Bu da həm yuxuya getməni çətinləşdirir, həm də yuxunun keyfiyyətinə mənfi təsir göstərir”.

“Yuxu zamanı bədəndə serotonin, dopamin və noradrenalin kimi neyrotransmitterlərin balansı qorunur. Bu maddələr həm əhvalın sabitliyi, həm də kognitiv funksiyalar üçün vacibdir. Yuxu pozuntuları bu tarazlığı poza bilər ki, bu da depressiya, panik ataklar, emosional qeyri-sabitlik və apatiya ilə nəticələnə bilər”, – deyə Mərziyyə Məmmədova qeyd edib.

Mütəxəssis bildirib ki, pasiyentlərlə ilk mərhələdə yuxu rejiminin formalaşdırılması və yuxu gigiyenası qaydaları üzərində çalışılır. Bu, sadəcə məsləhətlərdən ibarət deyil, eyni zamanda beyin-endokrin-emosional balansın bərpasına yönəlmiş klinik müdaxilədir.

Yuxu gigiyenasının əsas prinsipləri bunlardır:

1.Hər gün eyni saatda yatmaq və oyanmaq (istirahət günləri də daxil olmaqla)

2.Saat 23:00-dan gec olmadan yatmaq (hormonal ritmin qorunması üçün vacibdir)

3.Yatmazdan əvvəl 1-2 saat ərzində ekranlardan uzaq durmaq.

4.Axşam saatlarında kofein, nikotin və ağır yeməklərdən uzaq olmaq.

5.Fiziki aktivliyi günün erkən saatlarına keçirmək.

Əgər bu qaydalara əməl olunmasına baxmayaraq yuxu problemləri davam edərsə, nevroloji və neyrofizioloji müayinələr – EEG, polisomnoqrafiya və hormon testləri aparılır.

“Unutmayaq ki, yuxu yalnız istirahət deyil – mərkəzi sinir sisteminin özünü bərpa etdiyi ən vacib fizioloji prosesdir. Ona laqeyd yanaşmaq, bədəni və beyni tükəndirməyə zəmin yaratmaq deməkdir”, – deyə həkim əlavə edib.

Müəllif: Fatimə Əliyeva

Əlaqəli Xəbərlər