Tarixi zəfərə imza atan partiya


Azərbaycan çətin, ağır sınaqlardan keçsə də, nəhayət, böyük qələbələrə imza atmağı bacarıb. Çünki Azərbaycan xalqı mətin, mübarizə aparmağı bacaran xalqdır. Xüsusilə də Azərbaycan xalqı yaxşını pisdən seçməyi, ona böyük qələbələr, zəfərlər bəxş etmiş liderinə təşəkkürlər etməyi, siyasətini və ideyalarını yaşatmağı bacaran xalqdır.

1990-1993-cü illərdə Azərbaycanda ağır, üzücü cətinliklərin olduğu hər kəsə məlumdur. Ancaq xalq bu ağır, çətin dövrdə birləşməyə nail oldu. Bu birliyi, bərabərliyi, vəhdəti yaradan isə onun Dahi Lideri Heydər Əliyev idi. Məhz Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində müxtəlif qruplara, mərkəzlərə bölünmüş xalqı bir bayraq altında toplaya bildi. Dövlətin inkişafı, dağılmış iqtisadiyyatın bərpası isə böyük zəhmət, əmək sərf etsə də, yenə də Ulu Öndərimiz Heydər Əliyev qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirdi.

Təbii ki, dövlət müstəqilliyimizin möhkəmlənməsində, sosial-iqtisadi inkişafın yüksəlməsində Ulu Öndərimiz Heydər Əlievin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının da müstəsna rolu və yeri var. YAP çətin, ağır dövrdə yaransa da, Dahi Öndərimiz Heydər Əliyevin müdrik qərarları, uzaqgörən siyasəti ilə bütün çətinlikləri aradan qaldıraraq Azərbaycanı sabit, inkişaf edən dövlətə çevirdi. Qısa müddətdə YAP cəmiyyətin aparıcı partiyasına, Cənubi Qafqazın lider partiyasına çevrildi. Dahi Öndərimiz Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir… Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan… ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.

“Səs” qəzeti vasitəsi ilə Ulu Öndərimizə olunan müraciətdə deyilirdi…

Söz yox ki, o dövrü xatırlayarkən göz önünə Yeni Azərbaycan Partiyasının necə çətinlikləri, ağır prosesləri dəf etməsi gəlir. O dövrdə hakimiyyəti zəbt etmiş qüvvələr problemləri həll etmək gücünə və imkanına malik deyildilər. Çünki onlar siyasi baxımından təcrübəsiz, dövlət idarəçiliyində isə heç bir anlayışları olmayan şəxslər idilər. Vəziyyətin ağır olmasından istifadə edən erməni hərbi birləşmələri bir sıra ölkələrin hərbi, siyasi dəstəyinə arxalanmaqla ardıcıl olaraq torpaqlarımızı işğal edirdilər. Bu kimi ağır problemlərin həllinə səy göstərməkdənsə, AXC-Müsavat iqtidarı küçələrə çıxıb pozulmuş hüquqlarının, tapdanan haqlarının, sıradan çıxmaqda olan dövlətçiliyinin bərpasına və inkişafına çağırışlar edən xalqın üzərinə güc strukturlarını göndərir, onları zor gücünə susdurmağa çalışırdı. 1993-cü ilin iyununda baş verən Gəncə hadisələri ölkədaxili ağır durumun kulminasiya nöqtəsi oldu. Azərbaycanda vətəndaş müharibəsi qaçılmaz idi. Ancaq aydın təfəkkürlü ziyalılar, böyük xalq kütlələri vətəndaş müharibəsindən qaçmağın və ölkənin düşdüyü böhrandan çıxarılması yolunu Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsində gördülər. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı və “Səs” qəzeti vasitəsi ilə Ulu Öndərimiz Heydər Əliyevə ünvanlanan “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətdə deyilirdi: “Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu, peşəkar insanların siyasi partiyasına çevriləcəkdir. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü, aparıcı qüvvəyə malik bir partiya kimi görürük. İnanırıq ki, Azərbaycanımızın bu günü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar. Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar”.

Xalqın çağırışına səs verən lider

Dahi Öndərimiz Heydər Əliyev hər zaman xalqın yanında idi, xalqın və dövlətin üzləşdiyi çətinlikləri görürdü. Ona görə də, Ümummilli Lider Heydər Əliyev “Səs” qzəeti vasitəsi ilə ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli “Yeni, müstəqil Azərbaycan uğrunda” adlı cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis yığıncağı keçirərkən zalda cəmi 550 nəfər vardı. Bu gün isə YAP-ın 850 mindən çox üzvü mövcuddur. Partiya kəmiyyət və keyfiyyət baxımından inkişaf edərək Cənubi Qafqazın lider Partiyasına çevrilib. 2022-ci il noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyamızın yaranmasının tarixi hadisə olduğunu bildirdi: “O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı”.

Dahi Öndərimiz Heydər Əliyevin nüfuzu Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına imkan yaratdı. Ölkə dağılmaq ərəfəsində olduğu çətin vaxtda xalq birlik və bərabərlik nümayiş etdirək Ulu Öndər Heydər Əliyevdən Bakıya gəlməyi və onları bəlalardan xilas etməyi xahiş etdi. Dahi Öndər 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verərək Bakıya qayıtdı. Ulu Öndər Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Aparılan düzgün, müdrik siyasət nəticəsində sosial, iqtisadi inkişafa nail olundu, sabitlik təmin edildi, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə əməkdaşlıq əlaqələri quruldu. Xalq bu böyük xidməti lazımınca qiymətləndirdi. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin Dahi Öndərimiz Heydər Əliyevə səs verərək Onun Prezident seçilməsini dəstəklədi. Prezident seçkilərində 3 milyon 966 min 327 seçicinin 3 milyon 919 min 923 nəfəri, yaxud 98,84 faizinin seçimi Ulu Öndərimiz Heydər Əliyev oldu.

Prezident seçkisi ərəfəsi xalqla görüşündə Ulu Öndərimiz Heydər Əliyev demişdir: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməlidir, heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı – bunların hamısı bərqərar edilməlidir. İnsan hüquqlarının qorunması bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları da qorunmalıdır. Biz iqtisadiyyatda köklü islahatlar aparıb, bazar iqtisadiyyatına keçməliyik. Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir, Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir, Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq, bu yolla da gedəcəyik. Bu yol xalq yoludur”.

YAP dünya siyasət arenasında mövcud olan çoxpartiyalar arasında seçilən, tanınan, nüfuza malik partiyalardandır

Ulu Öndərimizin xalqımızın böyük dəstəyini qazanmaqla prezidet seçilməsi ölkəmizdə bütün sahələrdə inkişafın, tərəqqinin əsasını qoydu. Ulu Öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycan iqtisadi sahədə yeni və mütərəqqi uğurlara imza atdı. Bu yeni neft strategiyası Xəzərin Azərbaycan sektorunda 15 ölkənin, 33 iri neft şirkətinin iştirakı ilə 22 neft-qaz müqaviləsinin imzalanmasına səbəb oldu. Birmənalı mövqe ondan ibarətdir ki, əfsanə kimi görünən “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmışdır ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycanın yeni neft strategiyasının təməl daşı, iqtisadiyyatımızın ana xəttidir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin imzalanması ilə Dahi Öndərimiz Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də Gürcüstan və Türkiyənin də iqtisadi inkişafına zəmin yaratdı. 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi-referendum yolu ilə 5 fəsil 159 maddədən ibarət olan müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Sonrakı mərhələ də çoxpartiyalı sistem əsasında parlament seçkilərinin keçirilməsi dövlətçiliyin siyasi-hüquqi əsaslarının möhkəmləndirilməsinə mühüm töhfə verdi. Ulu Öndər Heydər Əliyevin humanist siyasəti sayəsində 1995-ci ilin may ayında əfv və amnistiya təsisatları bərpa edildi. Buna paralel olaraq insan hüquqlarına riayət olunması üzərində parlament nəzarətini təşkil etmək üçün insan hüquqları müvəkkili (Ombudsman) təsisatı yaradıldı. Ulu öndər Heydər Əliyev 22 fevral 1998-ci il tarixli xüsusi Fərman imzalayaraq Konstitusiyada öz əksini tapmış insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılmasını hüquqi əsasda təsbit etmiş oldu. Eyni zamanda, 1993-cü ildən Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulmuş ölüm hökmü 10 fevral 1998-ci il tarixli Qanunla tamamilə ləğv olundu.

Uğurlar, qürurverici nailiyyətlər davam edir. Qələbələrin ən yüksək zirvəsi isə Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezident, Fateh Sərkərdə İlham Əliyevin Komandanlığı ilə 30 il erməni işğalı altında qalan torpaqlarımızın azad edilməsidir. Bu hərbi, siyasi, diplomatik qələbə ilə Prezidet İlham Əliyev “ata” vəsiyyətini layiqincə yerinə yetirmiş oldu. Artıq münaqişə yoxdur. Ziddiyyətli problemlərdən də uzağıq. Bu gün ərazi bütövlüyü və suverenliyi bərpa olunan gücül və qüdrətli Azərbaycan var. Qələbələri bizlərə bəxş edən Ulu Öndərimiz Heydər Əlievin əsasını qoyduğu siyasət və bu siyasəti nöhtəşəm şəkildə davam etdirən və həyata keçirən Prezident, Ali Baş Komandan İlham Əliyevdir. Təbii ki, qələbələrin əldə olunmasında YAP-ın da özünəməxsus payı var. Bu baxımdan qətiyyətlə demək olar ki, bu gün nəinki Azərbaycanda, ümumiyyətlə, keçmiş sovet respublikaları arasında Yeni Azərbaycan Partiyasına altenativ ola biləcək partiya yoxdur. YAP dünya siyasət arenasında mövcud olan çoxpartiayalar arasında seçilən, tanınan, nüfuza malik partiyalardandır. Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə bundan sonra da inkişaf edəcək və xalqa, dövlətə xidmət etməklə yeni-yeni parlaq qələbələr qazanacaq.

İLHAM ƏLİYEV

Əlaqəli Xəbərlər