Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın nüvə təhlükəsinə qarşı əməkdaşlıq etmək barədə razılığa gəliblər
Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun və ABŞ dövlət katibi Marko Rubio arasında Vaşinqtonda keçirilən görüşdə Koreya Respublikası və Amerika Birləşmiş Ştatları Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə sarsılmaz sadiqliklərini bir daha təsdiqləyiblər.
SİA xəbər verir ki, ABŞ Dövlət Departamentinin saytında dərc olunan məlumata görə, nazir və dövlət katibi birgə müdafiə qabiliyyətini qoruyaraq Şimali Koreyanın tam nüvəsizləşdirilməsi məqsədinə qəti şəkildə əməl etməyə razılaşıblar.
Ço Hyun və Rubio həmçinin Koreya Respublikası, ABŞ və Yaponiya arasında üçtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün razılığa gəliblər.
Danışıqlar zamanı tərəflər həmçinin Cənubi Koreya ilə ABŞ arasında ikitərəfli müttəfiqlik, regional vəziyyət və digər aktual məsələləri müzakirə ediblər. Nazir və dövlət katibi tarif sazişi münasibətilə bir-birlərini təbrik etdilər və gəmiqayırma sektorunda əməkdaşlığın zəruriliyi barədə razılığa gəldilər.
Əli Babayev