Almaniyada vətəndaşlıq müavinətinin (Bürgergeld) həcmi ötən il rekord məbləğə – 46,9 milyard avroya çatıb. Bu, 2023-cü illə müqayisədə təxminən 4 milyard avro çoxdur. SİA yerli mediaya istinadla xəbər verir ki, bu barədə Əmək və Sosial Məsələlər Nazirliyinin Almaniya üçün Alternativ (AfD) partiyasının sorğusuna cavabında qeyd olunub.
Həmin məbləğ ümumilikdə 5,5 milyon nəfərə ödənilib. Onlardan təxminən 4 milyonu əmək qabiliyyətli olub. Ümumi məbləğin alman vətəndaşlarına ödənilən hissəsi 24,7 milyard avro (52,6 faizi), alman pasportu olmayan şəxslərə isə 22,2 milyard avro (47,4 faizi) olub.
Xarici vətəndaşlar arasında 2022-ci ildən bəri Rusiyanın hücumu nəticəsində Almaniyaya gələn yüz minlərlə ukraynalı var. 2024-cü ildə onlara 6,3 milyard avro vəsait ayrılıb. Əsas səkkiz sığınacaq ölkəsindən olan şəxslərə isə ümumilikdə 7,4 milyard avro ödənilib.
Qeyd edək ki, AfD vətəndaşlıq müavinətinin həcminin getdikcə artmasından narazılığını ifadə edərək, əcnəbi vətəndaşlara bu müavinətin verilməsinin qadağan olunmasını tələb edir.