ADB ilk dəfə özbək somunda istiqrazlar yerləşdirib


Asiya İnkişaf Bankı (ADB) ilk dəfə özbək somunda istiqrazlar buraxıb və bunun sayəsində 312 milyard som (24,7 milyon ABŞ dolları ekvivalentində) cəlb edilib. Bu barədə SİA bankın mətbuat xidmətinə istinadən məlumat verir.

Yerləşdirmə ADB-nin milli valyutalarda borc proqramının genişləndirilməsi strategiyasının bir hissəsidir. Bu təşəbbüs inkişaf etməkdə olan ölkələrdə borcalanlar üçün valyuta risklərini azaltmağa və daha sərfəli şərtlərlə maliyyəyə çıxışı təmin etməyə yönəlib.

İstiqrazlar nominal dəyərlə, illik 14,5 % dərəcəsi və üç illik tədavül müddəti ilə buraxılıb. “Gender” istiqrazlarının yerləşdirilməsindən əldə edilən vəsait Daşkənd hüdudlarından kənarda qadın sahibkarların dəstəklənməsinə yönəldilib.

“Bu buraxılış bizə yeni investorlar cəlb etməyə imkan verməklə yanaşı, valyuta risklərinə daha həssas olan borcalanlara dəstək göstərilməsinə və milli kapital bazarlarının inkişafına sadiqliyimizi əks etdirir”, – ADB-nin xəzinədarı Tobias Hoşka qeyd edib.

Xatırladaq ki, ADB 1966-cı ildə təsis edilib. Onun baş qərargahı Manila şəhərində (Filippin) yerləşir. Bankda 50-si Asiya-Sakit okean regionundan olmaqla 69 ölkə təmsil olunur.

Əlaqəli Xəbərlər