“Uşağın ağzı açılar-açılmaz telefon veririk. Amma sonra depressiyanın səbəbini soruşuruq”. Bunu SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da internet və sosial şəbəkələr həyatın ayrılmaz parçasına çevrilib. Lakin bu asan əlçatanlıq artıq həm böyüklər, həm də uşaqlar üçün ciddi bağımlılıq forması alıb. Aydın Xan Əbilov bu vəziyyəti sosial və psixoloji baxımdan ciddi təhlükə hesab edir: “İnkişafdan danışırıq, amma uşaq ağlayan kimi onun qabağına smartfon qoyuruq. Bu cür böyüyən uşaqlar internetdən və cihazlardan asılı vəziyyətə düşürlər. Bunun qarşısını almaq yalnız bizim sosial şəbəkələrə olan münasibətimizi dəyişməklə mümkündür”.
Əbilov hesab edir ki, insanlar interneti və sosial medianı əyləncə və vaxt keçirmək üçün istifadə etdikcə, virtual manqurtlaşma prosesi başlayır: “Altı saat toyda otururuq, amma iki saat kitabxanada əyləşə bilmirik. Uşaqlar və böyüklər saatlarla sosial şəbəkələrdə dolaşır, amma onlayn təhsil kurslarına maraq göstərmirlər. Bu da nəticədə sağlam düşüncədən uzaq, passiv bir cəmiyyət formalaşdırır”.
Ən böyük təhlükə isə azyaşlıların tədricən ailədən uzaqlaşıb, tanımadığı internet insanları ilə ünsiyyətə can atmasıdır. Psixoloq bunun ailədaxili münasibətləri zəiflətdiyini, uşaqların tənha qaldığını və nəticədə müxtəlif internet fırıldaqlarına, təhlükəli oyunlara meyilli olduqlarını vurğulayır.
Aydın Xan Əbilov bildirir ki, bir çox ölkələrdə uşaqlar üçün sosial şəbəkə məhdudiyyətləri, valideyn nəzarəti sistemləri tətbiq olunur və bu model Azərbaycanda da aktuallaşdırılmalıdır: “Valideynlərin bir qismi bu gün artıq fərqindədir. Hətta görürük ki, sosial şəbəkəsi olmayan şagirdlər ali məktəblərə qəbul imtahanlarında daha yüksək nəticə göstərirlər”.
Bu fikirlər göstərir ki, sosial media düzgün istifadə edilmədikdə, təkcə fərdi psixologiyanı deyil, ümumi cəmiyyət sağlamlığını da təhlükə altına alır. Həm fərdi, həm ailəvi, həm də ictimai səviyyədə bu məsələyə məsuliyyətli yanaşma vacibdir.
Müəllif: Fatimə Əliyeva