Paytaxtda obyektlərin icarə haqqı niyə kəskin artıb?


“Son illərdə Bakı şəhərində kommersiya obyektlərinin həm satış, həm də icarə qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur. Bu tendensiya bir neçə əsas amillə izah edilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.

Elnur Azadov sözlərinə belə davam edib: “İlk olaraq qeyd etmək lazımdır ki, son illərdə tikinti sektorunun fəaliyyətində ciddi azalma qeydə alınıb. İnşaat həcmi əvvəlki dövrlərlə müqayisədə dəfələrlə aşağı düşüb. Eyni zamanda, ölkədə sahibkarlıq fəaliyyətinə marağın artması və iş adamlarının sayının çoxalması fonunda kommersiya obyektlərinə tələbat yüksəlib. Bu isə bazarda obyekt çatışmazlığını daha da dərinləşdirib və nəticə etibarilə qiymətlərin artmasına səbəb olub.

Əvvəlcə mənzil bazarında qiymət artımı qeydə alınsa da, sonradan artan tələbat kommersiya obyektlərinə yönəlib və bu seqmentdə də qiymətlərin paralel şəkildə bahalaşmasına səbəb olub. Hazırkı vəziyyət ciddi narahatlıq doğurmasa da, prosesin davamlı xarakter alması müəyyən risklər yarada bilər.

Mütəxəssislərin fikrincə, tikinti şirkətlərinə daha geniş fəaliyyət imkanları yaradılmadıqca və şəhərsalma orqanları tərəfindən obyekt tikintisinə dair məhdudiyyətlər yumşaldılmadıqca, qiymət artımı tendensiyası davam edəcək. Əgər yaxın gələcəkdə genişmiqyaslı inşaat layihələri həyata keçirilsə və bazara kifayət qədər obyekt çıxarılsa, bu zaman qiymətlərin sabitləşməsi mümkündür”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər