“Borcun ödənilməməsi birbaşa cinayət məsuliyyəti yaratmır”


“Borcunu qaytarmayan şəxsi gözləyən cəza borcun mənbəyindən (yəni müqavilədən, məhkəmə qərarından və s.) və vəziyyətin detallarından asılıdır”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib.

Fariz Əkbərov sözlərinə belə davam edib: “Borcun ödənilməməsi birbaşa cinayət məsuliyyəti yaratmır, ancaq mülki və bəzi hallarda inzibati və ya dolayı yollarla cəzalandırma tədbirləri tətbiq oluna bilər.

İcra tədbirləri və məhdudiyyətlər

– Əgər şəxs məhkəmə qərarına baxmayaraq borcu qaytarmırsa:

– Ölkədən çıxışa qadağa:

– Bank hesabları dondurula bilər.

– Əmlaklarına və gəlirlərinə həbs qoyula bilər.

– Avtomobilinə, daşınmaz əmlakına və digər aktivlərinə yönəlik tədbirlər görülə bilər.

Aşağıdakı hallarda məsuliyyət artıq cinayət xarakterli ola bilər:

Əgər borclu bilərəkdən aldadaraq borc alıbsa (məsələn, yalan məlumatla və ya qaytarmaq niyyəti olmadan), bu zaman dələduzluq Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə tərkib yarana bilər.

Azərbaycan Respublikasının Mülki Məcəllənin 743.1-cü maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür”.

Qanunvericilikdə borc müqaviləsinin tərəflərin razılaşmasından asılı olaraq, şifahi və ya yazılı qaydada bağlanması göstərilsə də şifahi qaydada bağlanmış müqaviləni məhkəmədə sübut etmək çətindir. Çünki borcun verilməsini təsdiq edən heç bir sübut məhkəmə tərəfindən təmin edilə bilmir.

Məhkəmə məhz tərəflərin təqdim etdiyi sübutlara əsaslanaraq iş üzrə yekun qətnamə qəbul edir. Sübutlar sırasına şahid ifadələrini, şahidlərin və tərəflərin iştirakı ilə yazılı aktı, notarial müqavilə və ya imzanın həqiqiliyi təsdiq edilmiş ərizəni aid etmək olar. Hesab edirik ki, hər bir şəxs şifahi qaydada borc verərkən borc alandan ən azı pulun alınmasını təsdiq edən yazılı qəbz tələb etməli və ən azı 2 nəfər şahidin iştirakını təmin etməlidir. Yazılı müqavilənin, xüsusilə notarial müqavilənin olması daha üstün sübut əhəmiyyəti daşıyır.

Notarial borc müqaviləsi ona görə üstün hüquqi qüvvəyə malikdir ki, borc tərəflərin və notariusun, və ya bu əməliyyatı təsdiq edən səlahiyyətli şəxsin iştirakı ilə verilir və bağlanmış müqavilədə tərəflərin imzasının həqiqiliyi təsdiq edilir.

Mülki Məcəllədə göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bu artıq qanunvericiliyin zəruri tələbidir”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər