Elə ictimai-siyasi xadimlər, mədəniyyət, elm adamları var ki, onlarla söhbət etmək, müzakirələr qurmaq, yeri gələndə məsləhətlər almaq insana zövq verir, fərəh hissi yaradır. Belə mötəbər zirvəyə yüksələn insanlar aramızda olmayanda özümüzü tənha hiss edirik, ciddi şəkildə narahat oluruq. Ömrünün az qala 50 ilini Azərbaycan dövlətinin inkişafına, xalqın milli və vətənpərvərlik ruhunda oyanışına, başlıcası isə xalqımızın Ümummilli Lideri Heydər Əliyev ideyalarının və siyasətinin xalqa olduğu kimi çatdırılmasında böyük xidmətlər göstərmiş YAP Siyasi Şurasının üzvü, İcra Katibliyinin baş məsləhətçisi, YAP Sabunçu rayon təşkilatının sədri kimi mötəbər mövqelərdən olmuş, “Tərəqqi” medallı və “Prezidentin fərdi təqaüdü”cüsi Misirxan Vəliyev də haqq dünyasına qovuşduqdan sonra əqidə yoldaşları, dostları arasında dərin təəssüf hissi fonunda bir boşuq yaranıb. Hər kəsin dilindən o fikir səslənir “heyif dəyərli ziyalı, fəal ictimai siyasi xadim, yaxın dost, qohum idi”, – deyə qeyd olunur.
Dəfələrlə mənim də onunla geniş və ətraflı söhbətlərim olub. Hər görüşümüzdə, söhbətimizdə ondan yeni, diqqətçəkən məsləhətlər eşidir, tövsiyələr dinləyirdim. Bu baxımdan jurnalist fəaliyyətimdə müsahibə aldığım, açıqlama götürdüyüm şəxslər arasında Misirxan müəllimin özünəməxsus yeri olub. Misirxan müəllim həddindən artıq dövlətinə bağlı, xalqını sevən şəxs idi, bütün varlığı ilə Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətə və Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasi fəaliyyətinə dəyər və dəstək göstərirdi.
Misirxan müəllim ictimai-siyasi xadimlərimizdən olsa da, Azərbaycanın keçmişindən danışanda sanki qarşında uzun illər tədqiqatlar və araşdırmalar aparmış dərin elmi biliklərə, zəngin məlumatlara malik tarixçi ilə həmsöhbət olduğunu düşünürdün. Azərbaycanın 5 min illik dövlətçilik tarixinin hər bir dövrünü, səhifəsini son dərəcə dəqiqliklə şərh edir, böyük tarixi şəxsiyyətlərimizin, söz, sənət ustadlarımızın, işıqlı ziyalılarımızın həyat və yaradıcılığından maraqlı fikirlər səsləndirirdi. Xüsusilə də, Misirxan müəllim ötən əsrin 90-cı illərində Azərbaycanın ictimai, siyasi hadisələrindən danışarkən daha dəqiq və ciddi faktlara söykənən fikirlər səsləndirirdi. Deyirdi ki, o dövrdə Azərbaycan dövləti gözümüzün önündə dağılırdı, xalqın sabaha olan ümidləri alt-üst olurdu. Belə ağır, fəlakətli zamanda bu xalqın milli və dövlətçilik mənafeyni düşünən və üzləşdiyi problemlərin həlli üçün canıyanan ziyalılar, ictimai, siyasi fəallar Ulu Öndərimiz Heydər Əliyevə kömək üçün müraciət etdik.
Kövrək və xeyirxah insan
Ötən əsrin ağır dövrünü xatırlayanda Misirxan müəllim kövrəlirdi. Sol əli ilə yaşaran gözlərini silib deyirdi ki, Ulu Öndərə kömək üçün müraciət edəndə ürəklərimiz narahatlıqla döyünürdü. Çünki kecikmək olmazdı. Azərbaycanda hakimiyyəti zəbt etmiş qüvvələrin bacarıqsızlığı və səriştəsizliyi ölkəni uçuruma, xalqı isə məhvə aparırdı. Bu böhranlı vəziyyətdən istifadə edən vəhşi erməni toplumu xarici dairələrin hərbi, siyasi, maliyyə dəstəyinə arxalanaraq torpaqlarımızı ardıcıl olaraq işğal edirdi. Belə çətin dövrdə tərəddüdlər yeni, ağır fəlakətlər yarada bilərdi. Misirxan müəllim böyük fərəh hissi ilə vurğulayırdı ki, daim xalqının yanında olan Ulu Öndərimiz Heydər Əliyev bizlərin müraciətinə dərhal müsbət cavab verdi və Bakıya gəlib xalqla bir yerdə olmağa hazır olduğunu bəyan etdi.
Misirxan Vəliyev tarixi ərazilərimizin bir parçası olan Qərbi Azərbaycanın qədim diyarı olan Zəngəzur mahalının Qafan rayonunun Kığı kəndində anadan olub. Gələcək həyatını tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Misirxan müəllim taleyin hökmü ilə ictimai-siyasi proseslərin axarında Ulu Öndərimiz Heydər Əliyeviç olmaqla ölkənin çətin və ağır dövründə əməli fəaliyyəti ilə çoxlarına örnək ola biləcək nümunəvi yol tutdu. Bütün varlığı ilə Ulu Öndər Heydər Əliyev siyasətinə və ideyalarına bağlı olan Misirxan müəllim 1992-ci ildə Ali Sovetin qarşısında yaş senzinə qarşı keçirilən mitinqlərin fəal təşkilatçılarından olmuşdur. 1992-ci ilin noyabr ayında YAP-ın Naxçıvanda keçirilən ilk təsis konfransının iştirakçısı olmuş və Zəngilan rayon təşkilatının adından çıxış etmişdir. 1992-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin hüquqlarının qorunması ilə bağlı Zahid Qaralovun rəhbərliyi ilə yaradılan müdafiə komitəsinə üzv seçilmiş və bu istiqamətdə uğurlu nəticə əldə edilənə qədər mübarizə aparmışdır. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması ilə əlaqədar ziyalıların Dahi Öndər Heydər Əliyevə müraciəti və Dahi Öndər Heydər Əliyevin ziyalılara cavabı “Səs” qəzetində dərc olunduqdan sonra həmin qəzetin 2000-dən artıq nüsxəsini cox çətinliklə Zəngilan rayonunda paylamışdır. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi üçün lazım olan 1050 imzanın 278-ni təşkil etmişdir ki, onlardan da 147 nəfəri Misirxan müəllimin yaxın qohumları olmuşdur. Çətin dövr olmasına baxmayaraq prinsipiallıq və qətiyyət göstərən M.Vəliyev fotostudiyada Ulu Öndər Heydər Əliyevin 1000-ə yaxın fotosunu iri formatda hazırladaraq küçə və meydanlarda, ictimai nəqliyyatın şüşələrinə yapışdırmışdır. Bu cür fəaliyyətinə görə dəfələrlə o dövrün qeyri-demokratik hakimiyyət təmsilçilərinin hücumlarına, təzyiqlərinə məruz qalsa da, heç zaman mövqeyindən geri çəkilməmişdir. Əksinə, daha böyük həvəs və fədakarlıqla Ulu Öndərimiz Heydər Əliyevin xeyirli, gərəkli proqram xarakterli fikirlərini, ideyalarını cəmiyyətə təqdim etmişdir. O Yeni Azərbaycan Partiyasının Zəngilan, Laçın, Ağcabədi, Goranboy, Nərimanov və Xəzər rayon təşkilatlarının yaradılmasında fəal iştirak etmişdir. M.Vəliyev 1994-cü il noyabr ayının 9-da YAP -ın birinci qurultayına hazırlıq üzrə təşkilat komitəsinin üzvü olub və yüksək səviyyədə keçirilən qurultayda partiyanın Siyasi Şurasının üzvü seçilib.
Bir sözlə, Cənubi Qafqazın lider partiyası olan YAP-ın formalaşmasında M.Vəliyev fəallığı ilə seçilən və bu yolda yorulmadan çalışan fədakarlardan olub. O tez-tez rayonlara səfərlər edir insanlarla görüşür, YAP-ın ideoloji –siyasi hədəflərindən, Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu partiyanın dövlətçiliyimizin möhkəmlənməsində, xalqımızın siyasi, ictimai fəallığının artırılmasında rolundan danışdırdı. İnsanlar onu maraqla dinləyir və fikirlərini, tövsiyələrini, irəli sürdüyü təklif və ideyalarını əllərindəki kitabçalara yazırdılar. M.Vəliyev həm də insanların problem və qayğıları ilə maraqlanır, çətinliklərlə üzləşən insanlara imkanları daxilində yardımçı olurdu. Bu baxımdan M.Vəliyev insanlar arasında sevilən və seçilən ictimai-siyasi xadimlərdən olub.
O, əməyi və zəhməti ilə zirvələrə ucaldı
M.Vəliyev dövlət müstəqilliyimizin daha da möhkəmlənməsi, yerli və xarici məkrli dairələrə qarşı mübarizədə yorulmaq, ruhdan düşmək nə olduğunu bilmirdi. Bəzən işi o qədər çox olurdu ki, gecələr yuxusuz qalır, gündüzlər qısamüddətli də olsa istirahət etmirdi. Ona “Misirxan müəllim, bir qədər istirahət edin” müraciəti edəndə o, “dövlətimə, xalqıma xidmət etmək mənə zövq verdiyi kimi, həm də istirahət bəxş edir”, – deyə cavab verirdi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Prezidentin fərdi təqaüdü” fəxri adına layiq görülərkən M. Vəliyevin ifadə etdiyi fikirlərin, yazdığı müraciətin hər bir sətri düşündürücü məna daşıyır: “YAP çətin, ancaq şərəfli yol keçmişdir. Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi “Dünənin, bu günün və sabahın partiyası” adını qazanaraq qısa müddətdə bölgəmizin ən güclü partiyalarından birinə çevrildi. Sonrakı illərdə Cənubi Qafqazın ən güclü və aparıcı partiyası olan YAP Sizin rəhbərliyinizlə yeni inkişaf mərhələsinə qədəm qoymuş, partiyanın nüfuzlu üzvlərinin sayı daha da artmışdır”.
M.Vəliyev qeyd edirdi ki, YAP-ın 2021-ci ilin martın 5-də keçirilən VII qurultayından sonra partiyamızın siyasi həyatında yeni mərhələnin əsası qoyuldu: “Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin partiyanın digər müavini və Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edildi. Beləliklə, YAP yeni inkişaf mərhələsinə daxil oldu. Tam qətiyyətlə demək olar ki, bu gün Yeni Azərbaycan Partiyasının üzvləri, Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq Onun siyasətini müasir dünyada aparmaq üçün bütün sahələrdə səylə çalışırlar. Ulu Öndərimizə olan sevgi daimi və davamlıdır. Azərbaycan durduqca bu sevgi hər zaman insanların qəlbində yaşayacaq”.
M.Vəliyev Prezidentimiz İlham Əliyevə ünvanladığı məktubunda onu da vuğulayırdı ki, Allah Sizi qorusun, Cənab Prezident: ” Dövlətimizin inkişafı, onun möhkəmlənməsi, xalqımızın firavanlığı və rifahı naminə yürütdüyünüz qətiyyətli fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzu edirəm”.
M.Vəliyev Azərbaycanı böyük və qüdrətli, həm də ərazi bütövlüyün, suverenliyini tam bərpa etmiş dövlət olaraq görmək istəyirdi. İstəyi və arzusu reallaşdı. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün çəkən Vətən Müharibəsi ilə Azərbaycan Prezidenti İlham Əliyevin komandanlığı ilə ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. 2023-cü il sentyabrın 19-da başlayan antiterror əməliyyatları ilə Qarabağdakı separatizm ləğv olundu və terrorçu rəhbərlərin hamısı həbs olunaraq ədalət mühakiməsinə təqdim edildilər.
Xatirimdədir Zəfər paradından sonra M.Vəliyevdən təəssüratlarını öyrənmək üçün müraciət etdikdə o qürurla bu sözləri dedi: “Biz artıq dünyanın 5 qüdrətli dövlətindən və 5 qalib xalqlarından biriyik. Bu qüruru bizə yaşatdığına görə Prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirik”.
Heç şübhəsiz ki, haqq dünyasına qovuşan M.Vəliyevin xeyirxah fəaliyyəti nəinki, ailəsi, yaxınları, ümumilikdə Azərbaycan cəmiyyəti tərəfindən daim xatırlanacaq, hörmət və ehtiramla yad edəcək.
Allah Misirxan Vəliyevə rəhmət eləsin, ruhu şad, yeri cənnətlik olsun.
İLHAM ƏLİYEV