Vergiödəyicilərinin sayı 4,8 faiz artıb


2025-ci il avqust ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 637 min 784 vergiödəyicisinin 86,9 faizi fiziki şəxslər, 13,1 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Dövlət Vergi Xidmətindən SİA-ya verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,4 faiz, hüquqi şəxslərin sayı isə 7,4 faiz artıb.

Avqust ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artaraq 198 min 371 vahid təşkil edib.

2025-ci ilin yanvar – iyul aylarında 8196 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 88,5 faizi yerli investisiyalı, 11,5 faizi isə xarici investisiyalıdır. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,8 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Kommersiya qurumlarının 84,6 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,1 faiz təşkil edib.

Əlaqəli Xəbərlər