real vəziyyət və çıxış yolları


“Hazırda Azərbaycanda gənclərin mənzil probleminin həlli istiqamətində dövlət tərəfindən bir sıra layihələr həyata keçirilir”. Bunu daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu layihələrə güzəştli ipoteka kreditlərinin verilməsi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) xətti ilə ucuz mənzillərin ictimaiyyətə təqdim olunması, eləcə də müəyyən sosial kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər daxildir: “2020-ci ildən etibarən satmaq öhdəliyi ilə mənzillərin kirayə əsasında təqdim olunması layihəsi də İpoteka və Kredit Zəmanət Fondu tərəfindən icra edilir və bu da əhalinin müəyyən hissəsinin mənzilə çıxışını təmin edir”.

Ramil Osmanlı qeyd edib ki, bu layihələr çərçivəsində gənclərin böyük əksəriyyətinin deyil, yalnız müəyyən bir hissəsinin mənzil problemi həll olunur: “Layihələrin daha da genişləndirilməsi və bütün gənclər üçün əlçatan olması məsələsi kompleks yanaşma tələb edir. Bunun üçün həm mövcud bazar konjunkturasını, həm dövlətin maliyyə imkanlarını, həm də sosial tələbatı nəzərə almaq lazımdır”.

Ekspertin fikrincə, təkcə ipoteka kreditlərinə ayrılan 450–500 milyon manat həcmində vəsait belə, mənzil bazarında ciddi qiymət dəyişikliklərinə səbəb ola bilər: “Halbuki bu vəsait ümumi mənzil bazarının təxminən 10 faizinə belə təsir etmir. Buna görə də dövlət, daşınmaz əmlak bazarındakı qiymət sabitliyini qorumaq üçün ehtiyatlı və balanslı addımlar atmaqda maraqlıdır”.

Ramil Osmanlı əlavə edib ki, mənzilə olan yüksək tələbat fonunda bu sahədə geniş miqyaslı həll yollarının tapılması üçün özəl kommersiya banklarının da prosesə cəlb olunması zəruridir: “Amma açıq deyim ki, bu gün üçün Azərbaycanda gənclərin mənzil problemini tam əhatə edəcək miqyasda bir layihənin hazırlanması real görünmür. Bunun üçün geniş ictimai və ekspert müzakirələri aparıldıqdan sonra konkret qərarların qəbul olunması mümkündür”.

Əlaqəli Xəbərlər