“Cənubi Qafqazda sülh artıq təmin olunub”


“İkinci Qarabağ müharibəsindən əvvəl və müharibə dövründə, həmçinin ondan sonrakı siyasi, diplomatik və informasiya mübarizəsində Prezident İlham Əliyevin liderlik keyfiyyətləri özünü qabarıq şəkildə göstərdi. O, düşməni sülhə məcbur etmək üçün bütün imkanlardan məharətlə istifadə etdi və bu sahədə böyük uğurlar qazandı”. Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.

Onun sözlərinə görə, bu uğurlar yalnız bizim tərəfimizdən deyil, eyni zamanda Ermənistan və digər maraqlı beynəlxalq təşkilatlar tərəfindən də tanındı və qəbul edildi.

Müharibə meydanında düşmənə qalib gəlməklə yanaşı, siyasi və diplomatik müstəvidə də üstünlüyü ələ keçirdik. Bu uğurların əsasında dayanan əsas faktorlar pragmatik xarici siyasət və diplomatik bacarıqlar oldu: “Müharibə zamanı Azərbaycan ordusu mülki obyektlərə və insanlara toxunmadan peşəkar və dəqiq əməliyyatlar həyata keçirdi. Bu, Azərbaycanın məqsədinin – ərazi bütövlüyünün və suverenliyinin bərpası, həmçinin regionda davamlı sülhün təmin olunması olduğunu bir daha təsdiqlədi.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan hərbi gücünü istifadə edərkən hüquqa zidd olan addımlara yol verməyəcək. Bu mövqe Azərbaycanın sülhə və təhlükəsizliyə sadiqliyini göstərir. Artıq sülh sazişi paraflanıb və yalnız texniki məsələlər qaldığından, yaxın zamanda bu prosesin tam tamamlanması gözlənilir. Bu sənəd Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün bərqərar olması üçün əsas şərtdir.

Son dövrlərdə regionda atəşkəs pozulmur və Ermənistan tərəfi də bunu qəbul edir. Ermənistanın baş naziri Nikol Paşinyan da dərk edir ki, düşmənçilik yalnız öz ölkəsinə zərər verir və qarşıdurmanın davam etməsi heç kəsə fayda gətirmir. Bu anlayış regionda sülhün möhkəmlənməsi üçün önəmli addımdır.

Azərbaycanın sülhün təmin olunması istiqamətində mövqeyi möhkəmdir və dəyişməzdir. Bu mövqe Vaşinqtonda, Ağ Evdə aparılan danışıqlarda da öz əksini tapıb. Beləliklə, Azərbaycan diplomatik uğur əldə etmişdir ki, bu da regionun gələcək inkişafı üçün ümidvericidir.

Ümumilikdə, Cənubi Qafqazda artıq sülh bərqərar olub və bundan sonra region qarşılıqlı hörmətə, əməkdaşlığa və davamlı inkişaf mərhələsinə qədəm qoyacaq. Bu sülh prosesi region ölkələrinin rifahı və təhlükəsizliyi üçün yeni imkanlar yaradacaq, insanların həyat səviyyəsinin yüksəlməsinə şərait yaradacaq. Azərbaycan isə öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, regionda sülhün və sabitliyin qorunması üçün lider rolunu davam etdirəcək”.

Əlaqəli Xəbərlər