“Vətəndaş Tribunası” İctimai Birliyi Naxçıvan MR-də layihə tədbirlərinə başladı


“Vətəndaş Tribunası” İctimai Birliyi icra etdiyi “Sosial mediada Azərbaycanın milli-mənəvi dəyərlərinə təhdidlərlə mübarizə” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında silsilə tədbirlər keçirməyə başlayıb. SİA-ya

“Vətəndaş Tribunası” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, ilk tədbir 12 avqust 2025-ci ildə Şərur Rayon Olimpiya Mərkəzində yerli fəalların, rayon ictimaiyyəti nümayəndələrinin, şəhid ailələri və qazilərin, media və yaradıcı təşkilatların təmsilçilərinin iştirakı ilə baş tutub. Tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi sayğı duruşu ilə yad edilib.

Görüşü giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyəti İctimai-siyasi şöbəsinin müdir müavini Kamal İsmayılov layihə mövzusunun müasir dövr üçün aktuallığını qeyd edərək deyib ki, rayon ictimaiyyəti, yerli fəallar müasir internet imkanlarından faydalanaraq, Azərbaycan dövlətçiliyinə qarşı kənar qüvvələrin apardığı təbliğata heç zaman biganə qalmır və milli dəyərlərimizi müdafiə etməklə, əslində, milli, mənəvi və tarixi həqiqətləri müdafiə etmiş olurlar.

Tədbirdə məruzə ilə çıxış edən “Vətəndaş Tribunası” İctimai Birliyinin sədri yazıçı Səfər Alışarlı rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və layihənin donoru haqqında məlumat verdikdən sonra sosial mediada Azərbaycana qarşı aparılan hibrid təbliğat müharibəsinin səbəblərini, forma və niyyətlərini açıqladı.

O qeyd etdi ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbəsi ilə öz ərazi bütövlüyünü təmin edəndən sonra qonşu dövlətlər – Ermənistan, İran, Rusiya, eləcə də bir sıra Avropa dövlətləri ölkəmizə qarşı güclü anti-təbliğat fəaliyyətinə başladılar. Regionda Azərbaycanı həmişə zəif, Rusiyadan asılı bir xammal mənbəyi kimi görmək istəyən bu qüvvələr Azərbaycanın güclü dövlət iradəsi ilə barışmaq istəmir, onun Türkiyə və Orta Asiya dövlətləri ilə birlikdə reallaşdırdığı iqtisadi, logistik, mədəni və başqa layihələrə mane olmağa çalışırlar. İndi düşmən qüvvələrin Azərbaycana qarşı fəallaşmasının əsas səbəblərindən biri də kənar dövlətlərin iştirakı olmadan Ermənistanla sülh müqaviləsi haqda razılığın əldə edilməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı fikir ayrılığının olmamasıdır.

Natiq vurğulayıb ki, 25 dekabr 2024-cü ildə Qroznu səmasında Azərbaycan sərnişin təyyarəsinin vurulması və Yekaterinburq şəhərində Azərbaycan diasporunaqarşı Rusiya güc strukturlarının həyata keçirdiyi kütləvi zorakılıq tədbirləri ilə bağlı Azərbaycan dövlətinin beynəlxalq qanunlara uyğun haqlı tələbləri bu ölkədə yeni anti-təbliğat dalğası yaradıb. Prezident İlham Əliyevbu məsələlərlə bağlı Azərbaycan dövlətinin mövqeyini 3-cü Şuşa Beynəlxalq Media Forumunda bütün dünya ictimaiyyətinəbir daha açıqlayaraq dedi ki, təyyarənin vurulması ilə bağlı bütün sübut və sənədləri toplamış Azərbaycan beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır. Rusiya kütləvi informasiya vasitələrində vəsosial mediada gecə-gündüz Azərbaycanın əleyhinə təbliğat aparılır, ölkəmizə, xalqımızavə tariximizə qarşı hər cür şər-böhtan yayılır. Bu təhdidlərin istər rəsmi qaynaqlarda, istərsə də sosial mediada cavabsız buraxılmamasının vacibliyini bildirən S.Alışarlı yerli media təmsilçilərini və bütün sosial şəbəkə iştirakçılarını fəallığa çağırıb.

Tədbirdə daha bir məruzə ilə çıxış edən AMEA Folklor İnstitutunun şöbə müdiri professor Əfzələddin Əsgər Azərbaycanın,o cümlədən ümumtürk mədəniyyətinin dünya mədəniyyətinə təsiri və qarşılıqlı faydalanması haqda danışaraq qeyd etdi ki, mədəniyyət nümunələrimizin ermənilər və digər qonşular tərəfindən oğurlanıb özünüküləşdirməsi halları geniş yayılmışdır. Ə.Əsgər bu neqativ təzahürlərlə mübarizədə sanballı elmi sübutların ortaya qoyulmasının vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən sosial şəbəkə istifadəçiləri İsmayıl Xəlilov, Ələddin Eyvazov, Eldəniz Əliyev və başqaları Azərbaycana və dövlətçiliyimizə qarşı aparılan düşmən təbliğatı ilə mübarizədə ictimaiyyətin, sosial şəbəkə iştirakçılarının səfərbərliyinin gücləndirilməsi haqda öz fikirlərini bildirdilər.

Tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış kitabça və dəftərxana ləvazimatları paylandı, dialoq çay süfrəsi arxasında davam etdi.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Əlaqəli Xəbərlər