“Gürcüstan Azərbaycan ilə Ermənistan arasında davam edən dialoqa töhfə verməyə hazırdır. Ölkələr arasında əməkdaşlıq regional sabitlik üçün çox vacibdir”. SİA xəbər verir ki, bu barədə Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunlarına dair birgə mətbuat konfransında çıxış edən Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bildirib.
Onun sözlərinə görə, Tbilisi həmişə regionda dinc yaşayış və konstruktiv əməkdaşlıq formulunun tərəfdarı olub.
Prezident, həmçinin Gürcüstan – Türkiyə – Azərbaycan dialoq formatının əhəmiyyətini qeyd edib. “Regional əməkdaşlığın rolu dünyadakı geosiyasi vəziyyət fonunda artır. Azərbaycan – Gürcüstan – Türkiyə formatı ölkələrin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmətə əsaslanan dövlətlər arasında qarşılıqlı fəaliyyətin ən yaxşı nümunəsidir”, – deyə Gürcüstan Prezidenti vurğulayıb.
O qeyd edib ki, Ankarada danışıqlar zamanı Bakı – Tbilisi – Qars dəmir yolunun potensialının açılması mövzusuna da toxunulub.
Gürcüstan Prezidenti daha sonra münaqişə zonalarında sülhün yaxınlaşmasında Türkiyə liderinin rolunu vurğulayıb. “Mən Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə Ukrayna arasında sülhə yaxınlaşması səylərinə xüsusi töhfəsini qeyd etmək istərdim”, – deyə M.Kavelaşvili Ankara ilə təmaslarda “dinamizmin” qorunub saxlanacağına ümid etdiyini bildirib.
Mixeil Kavelaşvili Türkiyə liderini Gürcüstana səfərə dəvət edib.