Uşaqlarda hiperaktivlik və diqqət pozğunluğu valideynlərin və müəllimlərin tez-tez rastlaşdığı bir problemdir. Bu vəziyyət uşağın məktəbdə, evdə və sosial mühitdə davranışlarını və öyrənmə prosesini birbaşa təsir edə bilər. Mütəxəssislər bu pozğunluğun yaranmasını genetik, bioloji, psixoloji və ətraf mühit faktorları ilə əlaqələndirirlər. Həmçinin, bəzi hallarda uşağın doğumdan sonrakı inkişafı və qavrama bacarıqları da diqqət və davranış problemlərinə təsir göstərə bilər.Bəs, uşaqlarda hiperaktivlik və diqqət pozğunluğuna səbəb olan əsas faktorlar hansılardır? SİA mövzu ilə bağlı psixoloq Ezgi Şahin və psixoloq Vüsalə Əmiraslanovanın fikirlərini öyrənib.
Uşaqlarda hiperaktivlik bəzən genetik olur, bəzən isə sonradan inkişaf edə bilər deyə psixoloq Ezgi Şahin qeyd edir: “Bu uşaqlar sinifdə oturmaqda çətinlik çəkir, diqqətlərini uzun müddət saxlaya bilmirlər və daim hərəkətdə olurlar. Sinif daxilində gəzir, bəzən istəmədən də olsa dostlarını narahat edirlər. Dərslərə diqqətini cəmləyə bilmədikləri üçün bəzən dərsi poza bilirlər. Bu davranışlar onların çox hərəkətli olmalarından qaynaqlanır.
Əgər bu uşaqlar ciddi dəstək görməsələr, gələcəkdə istər kursa, istərsə də hazırlıq proqramlarına qatılmalarına baxmayaraq öz potensiallarını tam şəkildə göstərə bilməzlər. Diqqət yayındığı və fokus saxlamaqda çətinlik çəkdiyi üçün hisslərini ya yarımçıq ifadə edirlər, ya da səhv kodlaşdırırlar.
Uşağın bu vəziyyətdə olması onun həm akademik, həm də sosial inkişafına təsir göstərir. Müvafiq dəstək, düzgün yönləndirmə və xüsusi yanaşmalar olmadan onlar öz bacarıqlarını reallaşdıra bilmirlər. Hiperaktiv uşaqlara verilən diqqət və düzgün müdaxilə onların həm dərslərdə, həm də gündəlik həyatda daha balanslı, məmnun və uğurlu olmalarına imkan yaradır”.
Psixoloq Vüsalə Əmiraslanova açıqlamasında uşaqlarda diqqət əksikliyi və hiperaktivlik çox vaxt doğumdan sonrakı davranışlardan qaynaqlandığını deyir: “Amma uşaqlar ümumiyyətlə iki qrupa bölünür: tipik və atipik uşaqlar. Atipik uşaqlarda diqqət əksikliyi və hiperaktivlik çox vaxt onların sindromlarına bağlı olur. Məsələn, autizm sindromlu uşaqlar var. Əqli inkişafı geri olan uşaqlar da bəzən hiperaktivlik və diqqət əksikliyi göstərə bilirlər.
Qavrama problemi olan bir çox uşaqlarda diqqət və itiraz əksikliyi daha aydın görünə bilər. Çünki uşaq qavrama səviyyəsinə uyğun olaraq diqqətini yönəldə bilir. Yəni, tam olaraq başa düşmədiyi vəziyyətlərdə o, daha çox diqqət və itiraz əksikliyi nümayiş etdirə bilər.
Əvvəla, diqqət əksikliyi və hiperaktivlik psixiatriya baxımından bir problem kimi qiymətləndirilir. Son vaxtlar bu vəziyyət çox vaxt psixiatriya mütəxəssisləri tərəfindən psixiatriya problemi kimi işıqlandırılır. Belə hallarda psixiatr qəbulunun uşaqlar üçün vacib olduğu vurğulanır.
Əgər uşaqda hiperaktivlik və diqqət əksikliyi sindromu varsa, burada psixiatr və psixoloq dəstəyi mütləq tələb olunur. Uşağın fərdi ehtiyaclarına uyğun şəkildə psixoloji və psixiatriya dəstəyi təmin edilməlidir”.